Həkim Səidə Kərimovanın Hannibal Klinikasında işə düzəlməsi…
ABŞ-ın Missuri ştatının Hannibal Regional Hospitalı azərbaycanlı həkim Səidə Mehrəli qızı Kərimovanın bu klinikada işə götürülməsi üçün hüquqi baryerləri aşmağa çalışır.
Virtualaz.org “Hannibal Courier-Post” qəzetinə istinadən xəbər verir ki, klinika bu məsələ ilə bağlı Marion Dairə Komissiyasına müraciət edib. Komissiya müraciətə müsbət cavab verib və Missuri ştatının qanunlarının qadağan etməsinə baxmayaraq Azərbaycandan olan mühacir həkimin Hannibal xəstəxanasında işə götürülməsini dəstəkləyib.
Syuzan Uoten
Səidə Kərimova hazırda Nyu-Yorkda tibb təhsilini davam etdirir. O, bir neçə dəfə Hannibal Hospital-da təcrübə keçib. Hospitalın insan resursları üzrə vitse-prezidenti Syuzan Uoten deyib ki, Kərimova ABŞ sakini olmadığından onun işə götürülməsi qanunla mümkün deyil. Bu səbəbdən klinika həmin hüquqi baryeri aşmaq üçün Komissiyaya müraciət edib. Müraciətdə göstərilmib ki, azərbaycanlı həkimin klinikada işə götürülməsi ölkənin milli maraqlarına cavab verir və sakinlərin xeyrinədir. Çünki o, klinikada təcrübə keçərkən özünü peşəkar nöqteyi-nəzərdən çox yaxşı göstərib.
“Onun klinik hazırlıqları çox yüksəkdir. Sadəcə olaraq onun bu ölkədə doğulmamasına görə biz Kərimovanı işə götürmək üçün bir sıra hüquqi maneələri dəf etməliyik”-Syzan Uoten bildirib. Əgər immiqrasiya ilə bağlı hüquqi maneələr dəf edilsə Kərimova klinikada müəyyən müddət üçün işə götürüləcək. “Onun ən azı 5 illik müddətə Hannibal Hospital-da işləməsi mümkündür”-Uoten bildirib. O, əlavə edib ki, həmin müddətin Kərimovanın ABŞ-dakı uzunmüddətli iş təcrübəsinin başlanğıcı olacağına inanır.
“O, Hannibalda bir neçə dəfə olub və bu rayonu tanıyır. Ümid edirəm ki, o, gələcək, bu rayonu sevəcək və burada qalacaq”-klinikanın vitse-prezidenti bildirib.
Mənbə:> Virtualaz.org