Tramp Klintonu geridə qoydu
ABŞ prezidentliyinə Respublika partiyasından namizəd Donald Tramp Demokratik partiyadan namizəd Hillari Klintonu bir faiz qabaqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Reuters agentliyinin və “İpsos” tədqiqat şirkətinin ictimai fikri öyrənmək üçün keçirdiyi sorğunun nəticələri göstərir.
Avqustun 26-dan sentyabrın 1-nə qədər keçirilən tədqiqatın nəticələrinə görə, potensial seçicilərin 40 faizi Trampı, 39 faizi isə Klintonu dəstəkləyir.
Müqayisə üçün xatırladaq ki, daha öncə namizədlər arasındakı fərq 12% idi. Seçicilərə dörd namizəddən birini seçmək təklif edildikdə, respublikaçı və demokratik namizədin tərəfdarlarının sayı 39%-dən ibarət olub.
Respublikaçı seçicilərin 78%-i Trampa səs verir. Sorğu internet vasitəsilə ABŞ-ın 50 ştatında 1804 seçici arasında keçirilib.
Mənbə:> Oxu.Az