Ərdoğan işğal edilmiş Azərbaycan rayonlarının azad edilməsindən danışdı
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər var.
Oxu.Az Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, əgər birinci növbədə Azərbaycanın beş rayonu erməni işğalından azad edilərsə, o zaman regionda sözün əsl mənasında, vəziyyətin normallaşması prosesi başlaya bilər.
“Bütün dünya Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyini dərk edir. Əgər bunu hamı tanıyarsa, niyə də bu işğala son qoyulmasın?”, - Ərdoğan deyib.
Prezident qeyd edib ki, ABŞ, Fransa və Rusiya 23 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsini nizamlaya bilmirlər.
“Amma hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir”, - Ərdoğan deyib.
Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatın yaradılmasından danışarkən prezident bildirib ki, Azərbaycan Türkiyə və Rusiya kimi bu formata müsbət yanaşır.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan XİN rəhbərləri Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılmasını müzakirə ediblər.
“Bu formatın yaradılmasının əsas məqsədi regionda məsələləri təqib etmək və nəzarət etməkdir”, - Ərdoğan deyib.
Avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi yarada bilər.
Mənbə:> Oxu.Az