Hərbi əməliyyatlar başlayacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya ərazisindən Kilis vilayətinə atılan raketlərdən sonra “Göbəyimizi özümüz kəsəcəyik, hər cür ehtimal masadadır” açıqlaması ilə Suriyada hərbi əməliyyatlara başlanacağının mesajını verməsi Amerika Birləşmiş Ştatları geri addım atmağa məcbur edib.
ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibinin köməkçisi Antoni Blinken deyib ki, Türkiyənin Suriya sərhədindəki Menbıc bölgəsindən Mare ərazisinə qədər olan torpaqlar Ankara ilə Vaşinqtonun razılaşması əsasında İŞİD terrorçu qruplaşmasından tamamilə təmizlənəcək.
Türkiyə-ABŞ razılaşmasının bəzi təfərrüatları məlum olub. Belə ki, Türkiyə sərhədlərində keçiriləcək “Süpürmə” əməliyyatında nə Türkiyə, nə də ABŞ qoşunları iştirak etməyəcək. Müttəfiq dövlətlər hava əməliyyatıları ilə, yerli qüvvələr isə qurudan hücum edərək İŞİD terrorçularını məhv edəcək.
Yerli qüvvələr – kürd, ərəb və türkmənlərdən ibarət Azad Suriya Ordusuna Türkiyə də qarşı çıxmayıb.
Beləcə, PYD, daha sonra İŞİD terrorçularının Fərat çayının qərbinə keçərək Türkiyə sərhədində Şimali İraqdan Aralıq dənizinə qədər uzanan kanton bölgə arzusu boşa çıxacaq və bir daha Türkiyə ərazisi raket zərbələrinə tuş gəlməyəcək, Kilis vilayəti atış mənzilindən uzaqlaşacaq.
Mənbə:> ANSPRESS