"Rusiya İrana silah satmamalıdır"
ABŞ Rusiyaya məxsus “S-300” zenit-raket komplekslərinin İrana satılmasının əleyhinə olduğunu bildirib. ANS PRESS-in “TASS”a istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo bəyanatla çıxış edib.
Trüdonun sözlərinə görə, ABŞ bunu Tehranın nüvə proqramına dair sazişinin və BMT TŞ-nin qətnamələrinin pozulması kimi qiymətləndirmir. “Biz Rusiyanın “S-300” zenit-raket komplekslərinin İrana satılmasına dair xəbərlərdən məlumatlıyıq. Biz daha əvvəl “S-300” komplekslərinin İrana satılmasına qarşı olduğumuzu bildirmişik. Dövlət katibi Rusiyanın XİN rəhbəri Sergey Lavrovla görüşlərində bu məsələni dəfələrlə qaldırıb. ”, - deyə Elizabet Trüdo fikrini yekunlaşdırıb.
ABŞ raket komplekslərinin tədarükünə qarşı olsa da, bunu Tehranın nüvə proqramına dair sazişinin və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması kimi saymayıb.
"S-300" komplekslərinin istehsalına 1978-ci ildən başlanıb. Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur.
Mənbə:> ANSPRESS