ABŞ-dan İlham Əliyevə Qarabağ zəngi – VİDEO
ABŞ dövlət katibi Con Kerrinin bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında telefon danışığı olub.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi açıqlama verib.
O bildirib ki, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub.
"Kerri Əliyev və Sarkisyanla söhbət zamanı Dağlıq Qarabağ münaqişəsində atəşkəsə riayət olunmasının və münaqişənin nizamlanması üçün danışıqlara başlamağın vacibliyini bildirib", - Kirbi deyib.
Onun sözlərinə görə, Kerri iki ölkə lideri ilə, həmçinin ikitərəfli münasibətləri müzakirə edib.
Azərbaycan və Ermənistan arasında aprelin əvvəllərində 4 günlük müharibə baş verdi. Ermənilər aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində təxribata cəhd ediblər.
Azərbaycan Ordusu sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri ermənilərdən tam azad edib.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi ermənilərdən tam təmizlənib. Strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib.
Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Mənbə:> ANSPRESS