Felqenqauer: Azərbaycan ilk raundda qalib gəldi – FOTO
Rusiyanın nüfuzlu hərbi ekspertlərindən biri Pavel Felqenqauer “Novaya qazeta”dakı məqaləsində Qarabağda baş tutmuş “dörd günlük müharibə”dən yazıb. Müəllifin fikrincə, yekunlar ermənilər üçün təsəlliverici deyil. Bildirilir ki, Azərbaycan ordusu öz gücünü göstərdi və Ermənistanla qondarma “DQR”in işğalçı ordusunu darmadağın etdi. Felgenhauerin fikirlərini ixtisarla diqqətinizə çatdırırıq.
Aprelin 2-də Azərbaycan ordusu qətiyyətlə hücuma keçərək, bir sıra erməni mövqelərini ələ keçirdilər. Ermənilər cavab olaraq əks-hücuma keçmək istədilər, amma alınmadı. Məlum oldu ki, atəşkəs illəri ərzində neft gəlirləri hesabına Azərbaycan özünün Silahlı Qüvvələrini silahlandırıb və keyfiyyət baxımından ciddi üstünlük əldə edib.
Kağız üzərində erməni ordusu (Ermənistan + “DQR”) ilə Azərbaycan ordusunun fərqi nəzərə çarpmır. Hər iki tərəfdə 60 min nəfərdən artıq şəxsi heyət, bir neçə yüz ədəd tank və digər zirehli maşınlar, artilleriya qurğuları var. Lakin iş burasındadır ki, Bakı yeni T-90S tankları əldə edib, ermənilər isə hələ də köhnə T-72 və T-55-lərlə vuruşurlar. Düzdür, Azərbaycan ordusunda da xeyli sayda T-72 var, amma bunlar israillilər tərəfindən modernləşdirilib.
Bundan əlavə, İsrail Azərbaycanı idarə olunan zenit və tank əleyhinə qurğularla, universal РСЗО Lynx və GPS-lə idarə olunan, 150 km-ə qədər məsafəni vuran yüksək dəqiqlikli 300 mm-lik raketlərlə təchiz edib. Sonuncular universallığı, dəqiqliyi və məsafə xarakteristikasına görə istənilən sovet və Rusiya istehsalı olan raket qurğularından, “Smerç”dən üstündür. İsrail hərb sənayesi Azərbaycana “Heron” və “Searcher” zərbə pilotsuz uçuş aparatları verib ki, bunlar erməni müdafiəsinin istənilən uzaqlıqda dərinliyində xüsusilə vacib mövqelərin vurulmasında istifadə edilə bilər. Pilotsuz uçuş aparatları baxımından bu gün Azərbaycan Silahlı Qüvvələri nəinki erməniləri, hətta Rusiya ordusunu belə bir baş üstələyir.
Əlbəttə ki, ermənilərin istifadə olunmamış ehtiyat mənbələri də var. Bunlar 300 km-ə qədər məsafədən zərbə endirə bilən P-17 (başqa adı ilə Scud-B) operativ ballistik raketləridir. Bu silahla Ağdərə rayonunun ərazisindən, əgər rəqib duyuq düşməsə və pilotsuz aparatlarla məhv etməsə, Bakını da vurmaq mümkündür. Amma Azərbaycanın da müvafiq cavab üçün silahları kifayət qədərdir. Və bu əlavələr qüvvələr nisbətini dəyişmək iqtidarında deyil.
Ermənistan atəşkəsə razılaşmağa məcbur oldu. Ermənilərin silahlanmada olan açıq-aşkar fərqi aradan qaldırmaq üçün yeganə çarəsi – Moskvadan yeni silahların göndərilməsini xahiş etməkdir. Bunun qiyməti isə daha sözəbaxan olmaqdır.
Bakı ilk raundda qalib gəldi və bundan sonra erməni ordusunun ərazilərdən çıxarılmasını tələb etməkdə davam edəcək, Rusiya isə çətin vəziyyətə düşdü.
Mənbə:> Virtualaz.org