Deputat: Daha bir neçə icra başçısı işdən çıxarılacaq
Cənab prezident hər zaman müşavirələrdə xəbərdarlıq edir ki, icra başçıları vətəndaşların yanında olmalı, onların problemlərini həll etməlidir.
AzNews.info xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında deputat Vahid Əhmədov son iki gündə bir neçə icra başçısının işdən çıxarılmasına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, işdən çıxarılan icra başçısıları nöqsanlara yol verdikləri üçün vəzifədən kənarlaşdırılıb. Millət vəkili hesab edir ki, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən, prezidentin etibarını itirən məmurların işdən çıxarılması qaçılmazdır, prezident bu istiqamətdə ciddi addımlar atır.
“Azərbaycanda iqtisadi islahatlara ciddi yanaşıldığı bir zamanda hər kəs işində diqqətli olmalıdır”.
V.Əhmədov hesab edir ki, yol verdikləri nöqsanlara görə bir neçə icra başçısı da tutduğu postla vidalaşmalı olacaq.
Qeyd edək ki, son günlər ölkə başçısının imzaladığı sərəncamla Cəbrayıl, Laçın və Salyan rayon icra başçıları vəzifələrindən azad olunub.
Mənbə:> AzVision.az