Ziya Məmmədov Zərdabda vətəndaşları qəbul etdi – FOTO
Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq nəqliyyat naziri Ziya Məmmədov yanvarın 22-də Zərdabda qəbul keçirib.
Oxu.Az xəbər verir ki, nazir Ziya Məmmədov Hacıqabul, Kürdəmir, Zərdab rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.
Müraciətlər əsasən, Hacıqabul şəhərində müasir tipli avtovağzal binasının tikintisi, Zərdab rayonunun 20-yə yaxın kənd sakinlərinin Bakı şəhərinə gediş-gəlişlərinin daha rahat təmin edilməsi və daşınması üçün Ağcabədi-Bakı-Ağcabədi marşrut xəttinin əvvəlki xətt üzrə hərəkətinin bərpası, Zərdab şəhərində mövcud şəhərdaxili sərnişin daşınmasında xidmət səviyyəsinin yüksəldilməsi və qərb bölgəsindən Bakı istiqamətində hərəkət edən avtobusların Avtovağzal ərazisinə daxil olması üçün tədbirlərin görülməsi və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Bundan başqa, görüş zamanı vətəndaşlar nəqliyyat sistemində görülmüş işlərə görə, xüsusilə də Kürdəmir rayonu ərazisində son dövrlərdə yol-nəqliyyat sahəsində görülmüş işlərlə bağlı minnətdarlıqlarını ifadə ediblər.
Mənbə:> Oxu.Az