SOCAR: İran Gürcüstan bazarında Azərbaycana rəqib ola bilməz
“SOCAR Energy Georgia” nın baş direktoru açıqlama verib.
SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Energy Georgia” İranın Ermənistan üzərindən Gürcüstana təbii qaz tədarükü ilə bağlı planlarını normal qiymətləndirir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu “SOCAR Energy Georgia” nın baş direktoru Mahir Məmmədov bildirib.
M. Məmmədovun sözlərinə görə, bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcək
“Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var.
Müqaviləyə görə, “SOCAR Energy Georgia” Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var”.
Baş direktor bildirib ki, hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır.
“Kommersiya təyinatlı qazın Gürcüstana tədarükü və satışı tamamilə açıq bazar və rəqabət prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Hazırda Gürcüstanda digər təyinatlı istehlakçıların tələbatını biz ödəyirik. Bizim təklif etdiyimiz qiymətlər də çox uyğundur”, - deyə M. Məmmədov əlavə edib.
Baş direktorun sözlərinə görə, İranın Ermənistan vasitəsilə Gürcüstana tədarük edəcəyi təbii qaz bu bazarda rəqabət yaratmayacaq:
“Gürcüstan bazarı həddindən artıq kiçik bazardır, burada ciddi rəqabət ola bilməz. İran tərəfindən Gürcüstana qaz verilməsi mexanizmləri mövcud deyil. Bu mexanizm barəsində hələlik ancaq danışıqlar aparılır. Bu mexanizm işə düşərsə, bu qazı yerləşdirmək üçün bir yer, bir bazar olmalıdır. Əgər bu qaz Azərbaycan qazından ucuz olacaqsa, onu tədarük etmək mümkün olacaqsa, aydın məsələdir ki, rəqabət olacaq. Ancaq, bir daha deyirəm ki, Gürcüstan bazarı çox kiçikdir və Azərbaycanın Gürcüstan tərəfi ilə bağladığı müqavilələr bizə tamamilə rahat fəaliyyət göstərməyə imkan verir”.
Xatırladaq ki, İran KİV-ləri bildirib ki, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.
İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır:
“Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir”.
Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.
Mənbə:> APA