Güllələnən keçmiş polislə Nizami Piriyevi nə birləşdirir?
Azərbaycan paytaxtında güllələnərək öldürülən şəxslə bağlı maraqlı faktlar məlum olub.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Nizami rayonu, Əzimzadə küçəsi 20 ünvanında tapançadan açılan atəş nəticəsində qətlə yetirilən Nadir İbrahimov “Butastone” şirkətinin təsisçilərindən biri olub. Mətbuatda dəfələrlə adıçəkilən şirkətdə baş verən özbaşınalıqlar barədə məlumatlar yayılıb.
Belə ki, həmin şirkətdə çalışan və əmək haqlarını ala bilməyən fəhlələrin bir neçə dəfə mətbuatda şikayəti dərc olunub. Bu problemlərə səbəb kimi isə şirkətin həmtəsisçiləri olan Namiq Əsədovla Nadir İbrahimovun arasında olan konflikt göstərilib.
Mətbuatda yayılan məlumatlarda həmçinin qeyd olunur ki, N. İbrahimovun şəriki Namiq Əsədov bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır. Namiq Əsədov işinin öhdəsindən gəlmədiyi üçün N. İbrahimovu baş direktor vəzifəsindən uzaqlaşdırıb və səlahiyyəti öz üzərimə götürüb.
Qeyd edək ki, avqustun 28-də saat 01.00 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.
Hadisəni münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.
Qətlə yetirilən N. İbrahimov keçmiş polis işçisidir.
Mənbə:> APA