Rusiyadan alınan 500 vaqon dövriyyəyə buraxılacaq
Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasından alınan 2900 vaqondan 800-ə qədəri Azərbaycana gətirilib. Həmin vaqonun 300-ü dövriyyədədir, 500 vaqonun üzərində isə sənədləşdirmə işləri həyata keçirilir.
Oxu.Az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, yaxın 10 gün ərzində sənədləşdirmə işləri həyata keçirilən vaqonlar da dövriyyəyə buraxılacaq.
N.Əzməmmədov bildirib ki, Sovet dövründən qalan vaqon parkının yenilənməsinə artıq çoxdan ehtiyac olduğundan QSC belə bir addımı atıb:
“Sovet dövründən qalan vaqon parkının çoxdan yenilənməsinə ehtiyac var idi. Yeni rəhbər təyin olunduqdan sonra ilk növbədə bu istiqamətdə işlər aparıldı. Rəhbərlik yük daşınmasının daha təhlükəli olduğunu nəzərə alaraq Rusiyanın adıçəkilən Korporasiyasından yeni vaqonların alınmasına qərar verdi”.
Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” QSC Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasından 2900 ədəd müxtəlif təmayüllü yük vaqonu almışdı.
Mənbə:> Oxu.Az