Bakı Metropoliteni yeni qatarlar aldı
“Transmaşholdinq” Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyəti 81-760B/761B/763B modelli metro vaqonlarının Azərbaycana göndərilməsini başa çatdırıb.
AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, Bakı Metropoliteni imzalanmış müqavilələrə əsasən, 5 vaqondan – 2 ədəd 81-760B modelli motorlu baş vaqondan, 2 ədəd 81-761B modelli motorlu aralıq vaqondan və 1 ədəd 81-763B modelli motorsuz vaqondan ibarət 3 qatar alıb.
Birbaşa keçidi olan vaqonlar 81-760A/761A/763A vaqonlarından ön hissəsi, salonların interyeri və başqa cür boyanması ilə fərqlənir.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Mənbə:> AzərTAc