Azərbaycan Rusiyadan 2900 ədəd yük vaqonu alacaq
Bakıda “Uralvaqonzavod” elmi-istehsalat korporasiyası” ASC-nin baş direktoru Oleq Siyenko və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun arasında danışıqlar aparılıb.
Oxu.Az “Uralvaqonzavod”un məlumatına istinadən xəbər verir ki, görüşdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
Belə ki, “UVZ”nin “Azərbaycan Dəmir Yolları” QSC-yə tədarük etdiyi yük vaqonlarının ümumi sayı və nomenklaturası razılaşdırılıb.
Bu, universal yarımvaqon, qapalı vaqon, taxıldaşıyan vaqon, sementdaşıyan vaqon, platforma, universal platforma, neft və neft məhsullarını daşımaq üçün sistern, sement üçün hopper-vaqon və hopper-dozator vaqonlarıdır.
Danışıqların yekunları üzrə “Azərbaycan Dəmir Yolları”na 2900 ədəd müxtəlif modelli yük vaqonunun tədarükü barədə müqavilə imzalanıb.
“UVZ”nin baş direktoru Oleq Siyenko qeyd edib ki, müasir şəraitdə nəqliyyat maşınqayırması məhsullarının ixracı korporasiyanın işinin əsas istiqamətlərindən birinə çevrilir.
Azərbaycana dəmir yolu məhsullarının tədarükü haqqında müqavilənin imzalanması isə bu istiqamətdə ciddi işlərin daha bir təsdiqidir.
Mənbə:> Oxu.Az