Obyektlərin icarə və satış bazarı zəifləyib
Aprel ayında olduğu kimi may ayında kommersiya obyektlərində aktivlik və qiymət azalması baş verib. «MBA Ltd» qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun nəticələrinə görə, ümumilikdə təklif portfelinə 6 seqment- mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye sahələri daxildir. Buna əsas səbəb kimi kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsini göstərirlər.
Məlumatda bildirilir ki, ümumilikdə may ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da azalması baş verib: «Müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bazara çıxarılan obyektlərin sayı ay ərzində -11.5 faiz azalaraq 177 ədəddən 156 ədədə düşüb».
Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 38.0 faizlə «boş yer» təyinatlı sahələr malikdir. Bu tip obyektlərin təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilər.
Qeyri-yaşayış obyektlərinin orta sahəsi mart ayı üçün 146.47 kv.m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən -24.6% azalıb. Sahənin azalmasına əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifinin azalması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində «restoran» təyinatlı xidmət sahəsi qeydə alınıb. Ən az sahəyə isə Xətai rayonunda, «Xətai» m/st yaxınlığında 19 kv.m sahəyə malik olan «avto yuma» məntəqəsi olub.
Ötən ay Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış və icarə qiymətlərində müvafiq olaraq -0.14 faiz və -0.72 faiz qiymət azalması qeydə alınıb. Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması ekspozisiya müddətinin artımına təsir göstərmişdir. Ekspozisiya müddəti 199 gündən artaraq 216 gün bəndində qərarlaşıb. Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indeksində azalma -22.0 faiz, keçən ayla müqayisədə isə qiymət indeksində azalma -5.5 faiz olub.
Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti apreldə qeydə alınan 3618 ABŞ dollarından 3418 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən ayla müqayisədə -5.53 faiz təşkil edib.
Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə görünür ki, qiymətlərin azalması zonalar üzrə qiymətlərə də təsir göstərmişdir. Azalmalar daha çox 2-ci və 3-cü zonalar üzrə müşahidə edilib-11.34-8.29 faiz.
Mənbə:> Bizimyol.info