Manat ucuzlaşdı, evlər də 10-15 faiz ucuzlaşacaq
Manatın devalvasiyası ilə əlaqədar Bakının daşınmaz əmlak bazarında qeyri-müəyyənlik qiymətlərin qısamüddətli artımına səbəb oldu. Lakin vəziyyətin sabitləşdiyi indiki vaxtda ekspertlər daşınmaz əmlak üzrə qiymətlərin azalmasını proqnozlaşdırırlar.
"Koneko" qiymətləndirmə şirkətinin baş mütəxəssisi Vüqar Oruc "Trend"ə bildirib ki, ilin sonunadək paytaxtda daşınmaz əmlak təqribən 10-15 faiz ucuzlaşacaq: "İqtisadi vəziyyətlə əlaqədar ölkədə mənzillərə tələbat azalıb. Bunun baş vermədiyini demək olmaz, sadəcə tələbat əvvəlkindən aşağıdır. Əgər tələbat azdırsa, müvafiq olaraq qiymətlər də enir. Lakin qiymətlərin 2010-2011-ci illərdəki səviyyəyə düşəcəyini gözləmək sadəlövhlükdür. Bu qiymətlərə qayıdış qeyri-mümkündür".
Buna baxmayaraq, ekspertin fikrincə, Bakının bəzi rayonlarında qiymət azalması, demək olar ki, olmayacaq: "Məsələn, ipoteka ilə mənzil alan insanlar adətən şəhərin mərkəzində deyil, ətrafdan alır, buna görə də "Həzi Aslanov" və "Əhmədli" metro stansiyaları və Xırdalan kimi rayonlarda xüsusi ucuzlaşma olmayacaq. Lakin mənzilin qiymətinin yüksək olduğu mərkəz ərazidə qiymətlər enəcək".
"Veto Consulting"in eksperti Mahir Faadov hesab edir ki, daşınmaz əmlakın qiyməti sentyabradək azalacaq, ilin sonuna isə cüzi artım mümkündür: "Daşınmaz əmlak bazarında qiymətlər hər ay azalır və haradasa sentyabradək bu azalma davam edəcək. Payızda mənzilin qiyməti cüzi arta bilər. Bu onunla əlaqədardır ki, yayda bu bazarda aktivlik azdır, adətən, daşınmaz əmlak obyektlərinin satışı avqustun sonu - sentyabrın əvvəlində fəallaşır. Əgər bu il bazarda ciddi dəyişiklik olmasa, ilin sonunadək qiymət artımı olmayacaq".
Onun sözlərinə görə, ilin sonunadək mənzillərin qiyməti 5-10 faiz azala bilər: "Hazırda daşınmaz əmlakın qiymətləri əhalinin alıcılıq qabiliyyətini üstələyir ki, bu da tələbata təsir edir. Digər amillər də var, məsələn, bəzi banklar ipoteka kreditlərinin verilməsini dayandırıb. Söhbət dövlət xətti ilə verilən ipotekadan deyil, bankların öz proqramlarından gedir. Rusiyada yaşayan azərbaycanlılar da adətən ilin sonuna yaxın qohumlarına mənzil almaq üçün pul göndərirdilər, hazırda isə Rusiyadan pul göndərişləri azalıb. Bütün bu faktorlar da tələbatın azalmasına və müvafiq olaraq, daşınmaz əmlakın qiymətlərinin düşməsinə təsir edir".
Mənbə:> Trend