İlham Əliyev: Artıq önümüzdə bütün üfüqlər açıqdır – YENİLƏNİB
Bu gün Səngəçal terminalında Cənub Qaz dəhlizinin təməli atılıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, təməlatma mərasimi Heydər Əliyev Mərkəzində böyük ekranda canlı yayımlanıb.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın baş naziri Antonis Samaras, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monteneqronun baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direktoru Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri iştirak ediblər.
İlk borunun üzərində Cənub Qaz dəhlizinin keçəcəyi ölkələrin, eləcə də ARDNŞ və BP-nin bayraqlarının əksi olub. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev, daha sonra isə digər ölkələrin dövlət və hökumət rəsmiləri, ARDRŞ və BP prezidentləri bayraq əkslərinin aşağısından imza atıblar. Borunun qarşısında xatirə şəkli çəkdirildikdən sonra ilk boru xəndəyə döşənərək Cənub Qaz Dəhlizinin təməli atılıb.
Prezident İlham Əliyev çıxışında deyib ki, bu layihə Avropanın enerji xəritəsini dəyişəcək: “Bu layihənin Azərbaycan üçün faydası var. Kəmər qaz resurslarımızı dünya bazarına çıxarmağa imkan verəcək. Bu layihə ilə tranzit ölkələrə yeni imkan yaranır, istehlakçı ölkələr yeni mənbə əldə edir. Əslində bu, yeni əsrin layihəsidir. Ən azı 100 il ərzində layihə iştirakçısı olan bütün ölkələr fayda götürəcəklər”.
20 il əvvəl “Əsrin müqaviləsi”nin imzalandığını, daha sonra Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkildiyini xatırladan prezident İlham Əliyev deyib ki, bu gün yeni komanda yeni layihənin əsasını qoyur: “Burada uduzan tərəf yoxdur”.
12:58
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, Cənub Qaz Dəhlizinin təməli qoyulur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri “Əsrin Müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, “Əsrin Müqaviləsi” 20 ildir icra edilir və böyük mənfəət gətirib.
O qeyd edib ki, BTC Xəzər dənizi ilə Aralıq dənizini birləşdirib və bu, tarixi nailiyyətdir:
“1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə müqavilə bağlanıb, həmin müqavilə bu gün atdığımız addımın əsasını qoyub. 1999-cu ildə Bakı-Supsa neft kəməri tikilib, 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. Bu kəmər Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi tarixi hadisə idi. Azərbaycan dünyada qaz ixracı üzrə yeni dövlət kimi tanınmağa başladı. Bundan sonra biz bir neçə variant üzrə işləyirdik. 2012-ci ildə Transanadolu Qaz Kəmərinin (TANAP) tikintisi üzrə razılıq əldə edilib. Bundan sonra TANAP marşrutunun seçilməsi də tarixi hadisədir. Keçən il qazın ixracı ilə bağlı müqavilələr imzalanıb. Artıq önümüzdə bütün üfüqlər açıqdır. Biz birlikdə Cənub Qaz Dəhlizinin tikilməsini təmin etməliyik. Bu gün görülən işlər əvvəllər görülən işlərin təməlidir”.
Layihənin Azərbaycan iqtisadiyyatına əlavə dividentlər gətirəcəyini söyləyən prezident bəyan edib ki, son illər Azərbaycanın büdcə xərcləri 20 dəfə artıb, işsizlik 5 faizdən aşağı düşüb. Artıq Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 38-ci yerdədir. Onun sözlərinə görə, TANAP layihəsində Azərbaycan əsas səhmdardır və maliyyə yükünü üzərinə götürəcək:
“Şahdəniz, TANAP və TAP-da Azərbaycan öz payını özü maliyyələşdirir. Bu layihənin icrasında uduzan tərəf olmayacaq. Bu layihə Avropanın enerji təchizatında mühüm rol oynayacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkədir və bu gündən sonra bu rol daha da artacaq”.
Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,5 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatlarının isə 4 trilyon kubmetr olduğunu vurğulayıb:
“Enerji təhlükəsizliyi, marşrutların şaxələndirilməsi, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyətinin uğur gətirəcəyinə əminəm. Bu günə qədər neft-qaz layihələrində Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirdi. Bu gündən daha geniş əməkdaşlığa başlayırıq. İtaliya, Yunanıstan, Bolqarıstan, gələcəkdə Çernoqoriya və digər ölkələr bu layihəyə qoşula bilər. Neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Əminəm ki, komandamız qələbə qazanacaq. Yolumuz açıq olsun”.
Mənbə:> APA