Dövlət Neft Fonduna 200 milyard dollar vəsait daxil olacaq
Hazırda fondda 37 mlrd. dollardan çox vəsait var.
Növbəti illərdə bütün layihələr üzrə Azərbaycan Dövlət Neft Fonduna 200 milyard dollara yaxın vəsaitin daxil olması gözlənilir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, fonda ötən dövr ərzində 105 mlrd. dollardan çox vəsait daxil olub. O, əlavə edib ki, hazırda fondda 37 mlrd. dollardan çox vəsait var.
Onun sözlərinə görə, indiyə qədər SOFAZ-ın vəsaitləri qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərində Azərbaycanın payının maliyyələşdirilməsinə, Bakı-Tbilisi-Qars dəmir yolunun maliyyələşdirilməsinə, Oğuz-Qəbələ su kəmərinin, Taxtakörpü su anbarının tikintisinə, Samur-Abşeron kanalının yenidən qurulmasına, tələbələrin xarici ölkələrin universitetlərində oxumasına yönəldilib.
Ş. Mövsümov onu da qeyd edib ki, bu gün təməli qoyulan Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ARDNF-in vəsaiti hesabına həyata keçiriləcək:
“Bu maliyyələşdirmə həm Azərbaycanın dövlət payının maliyyələşdirilməsi, həm də ARDNŞ-in nizamnamə kapitalının artırılması ilə həyata keçiriləcək. Biz əminik ki, bu vəsaitlər səmərəli istifadə olunacaq, Cənub Qaz Dəhlizi işə salınacaq və bu vəsaitlər əldə olunan gəlirlər hesabına Neft Fonduna qaytarılacaq”.
Mənbə:> APA