Bic arıların "halal" balı » AzNews.info -Xəbər portalı

Bic arıların "halal" balı

Bic arıların "halal" balı


Bir-iki ilin söhbətidir, Bakıdan gələn avtobusda əyləşən orta yaşlı kişi İsmayıllıda yol boyunca düzülmüş bal bankalarına baxıb təəccüblənmişdi. “Xala, niyə sizin rayonda balların hamısı bu cür tünd rənglidir. Nə balıdır bu?” - deyə avtobusda əyləşmiş İsmayıllı sakinindən soruşmudu.
- Bala, haralısan?
- Göyçə mahalından.
- Hə, balın məskənindənsən. Sən heç Göyçədə dəmlənmiş çay rəngində bal görmüsən?
- Yox. Hamısı kərə yağ rəngində idi. Çiçəyindən asılı olaraq cüzi fərqlənirdi.
- Bala, burda da bal elə sizinki kimidir. O yol kənarlarındakı heç biri yerli sakin deyil, pətəklərdə bir dənə də arı yoxdur. Camaata bal adında satılan o məhsulun hamısı saxtadır.

ANS PRESS əməkdaşının da şahid olduğu bu söhbət əslində bütün Azərbaycana aiddir və bu məsələdə vəziyyət ildən işlər pisləşir. İndi ən ucqar rayonlarda belə təmiz balı yalnız çox yaxın tanışlardan almaq mümkündür. İri bal alverçiləri adətən kilosunu 15-20 manata satdığı məhsulun tərkibinə çuğundur şəkərinin şərbətini qatırlar. Çuğundur şəkərini həqiqi balın tərkibində olan nektar şəkərindən ayırmaq çox çətin olduğuna görə, bunu laboratoriya analizi ilə də müəyyən etmək asan deyil. Saxta məhsula müəyyən emilqatorlar qataraq bal qoxusu əldə edirlər. Şərbətə müəyyən qatışıqlar əlavə etməklə onu hətta çeşidlərə bölürlər. Məsələn, narın qara istiot qataraq müəyyən acılıq və tünd rəng əldə edirlər ki, bunu “cökə balı” altında piştaxtaya çıxarırlar. Kilosu 1 manatdan ucuz başa gələn saxta məhsulu 15-20 manatdan satırlar.

Düzdür, kənd yerlərindən həqiqi bal da tapmaq olur, amma çox bahadır və kiloqramı 30-35 manata satılır. Kənd Təsərrüfatı Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ölkədə il ərzində təxminən 2 min 500 ton bal istehsal edilir. Adambaşına götürüldükdə il üzrə bu, 260 qram edir. Bunu ölkənin bal istehlakı göstəricisi də saymaq olar. Marketlərdə baha qiyməti satılan xarici “ballar” da əsasən saxtadır, çünki soyuducunun içində 4-5 dərəcə temperaturda belə xarlanmır, əslində uzun zaman keçdikdə quruyur və içərisindəki şəkər kristallaşır. Halbuki, həqiqi bal 15-20 dərəcə temperaturda xarlanmağı başlayır və heç bir kristallaşma baş vermir.

Azərbaycan bal istehlakı üzrə bəlkə də MDB üzrə ən aşağı göstəriciyə sahibdir. Türkmənistanda məsələn, adambaşına 2,2 kiloqram bal istehsal edilir. Rusiya və Ukraynada isə adambaşına göstərici 1 kiloqramdan yüksəkdir. Azərbaycanda bal istehsalı ildən ilə azalır, keçən il təxminən 100 ton azalma olub. Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib ki, ölkədə bal məhsulunun azalmasının səbəblərindən biri də son illərdə yerli arı sortlarının məhvi ilə bağlıdır.

“Bizdə elə bilirlər ki, xaricdə arılar çox məhsul verirsə, deməli, həmin sortları bura gətirmək lazımdır. Həmin sortlar gəldi, bir il sonra yerli sortla qarışdı və törəyən nəsil hər iki sortun keyfiyyətlərini itirdi. Nəticədə məhsuldarlıq aşağı düşdü”, - deyə Qalib Əbdüləliyev vurğulayıb. Onun sözlərinə görə, arıların artımında həmişə yerli vəhşi arıların rolu böyük olur, buna görə də istənilən gəlmə sortlar tezliklə cırlaşır.

KTN təmsilçisinin sözlərinə görə, hazırda Azərbaycanda yerli sortların bərpası üzrə layihə həyata keçirilir: “Bizdə cənub regionunda Sarı İran arıları, şimal rayonlarında Qabaqtəpə arıları ənənəvi sort sayılır. Məqsədimiz bu regionlar üzrə ənənəvi arı ailələrinin sayını artırmaqdır”.

Adətən bu iş ənənəvi yolla aparılır - yeni ana arı yetişdirilir və pətəkdəki işçi arılar bölünür. Bu məsələ həmin il bal istehsalını aşağı salsa da, növbəti ildə məhsuldarlığı iki dəfəyə qədər artırmağa imkan verir. Hazırda Azərbaycanda ildə təxminən ildə 10 min yeni arı ailəsi yaradılır və son 5 ildə ölkə üzrə arı pətəklərinin sayı 190 mindən 240 minə qədər artırılıb. Bu yetərincə aşağı göstəricidir.

Nəzəri olaraq, arı ailələrini hər il 30-40 faiz artırmaq mümkündür və Azərbaycanın buna böyük ehtiyacı var. Ölkədə 1 milyona yaxın kəndli ailəsi var və hər ailə 10 arı pətəyi saxlasa, 10 milyon pətək deməkdir. Kənd adamları bilir ki, 10 arıya baxmaq bir ailə üçün elə də çətin deyil. Bir arıdan ildə 15 kiloqrama qədər bal götürmək mümkündür və bu minvalla ölkədə bal istehsalını 150 min tona qaldırmaq mümkündür. Adambaşına bal istehlakı isə ildə 15 kiloqrama qalxa bilər. Əslində bu, elə də böyük rəqəm deyil - gün ərzində 43 qram, yəni iki çay qaşığı. Vəssalam.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *