Prezident: Azərbaycanda kənd təsərrüfatı məhsullarının hamısı keyfiyyətlidir
Əminəm ki, bundan sonra belə fabriklərin sayı çox olacaq - həm burada, həm digər yerlərdə. Çünki çayçılıq bizim ənənəvi kənd təsərrüfatı sahəmizdir. Çox istəyirəm ki, həm daxili bazarı biz özümüz təmin edək, həm də ixrac edək.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astarada “Astaraçay” MMC-nin çay emalı fabrikinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
“Xaricdə də görsünlər ki, Astara çayı nə qədər gözəldir, ləzzətlidir, keyfiyyətlidir. Çünki bizdə, ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının hamısı keyfiyyətlidir. İndi bəzi xarici ölkələrdə məhsullara o qədər kimyəvi maddələr vurur, məhsulu artırmaq üçün o qədər müxtəlif yollara əl atırlar ki, məhsul da öz keyfiyyətini, dadını itirir.
Azərbaycanda bütün meyvə, tərəvəz, kənd təsərrüfatı məhsulları təbiidir, gözəldir, keyfiyyətlidir, o cümlədən də çay. Ona görə çox istərdim ki, biz Astara çayını dünyanın aparıcı ölkələrinin mağazalarında görək. Belə fabriklə buna nail olmaq mümkün olacaq. Şadam ki, biz bu gün bu ənənəni bərpa edirik”, - deyə, prezident bildirib.
Prezidentin sözlərinə görə, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaq.
“Çünki buna nail olmaq üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır, bizim maliyyə vəziyyətimiz kifayət qədər yaxşıdır. İlin birinci rübünün yekunları da çox müsbətdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Gələcəkdə biz kənd təsərrüfatının, sənayenin, qeyri-neft sektorunun hesabına daha da inkişaf edəcəyik”.
Prezident qeyd edib ki, ölkədə qazlaşdırma uğurla gedir.
“Astara rayonunun qazlaşdırılması 75 faiz səviyyəsindədir. İndi içməli su layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Astara təmiz içməli su ilə təmin ediləcək. Yollar çəkilir, Bakı-Astara magistral yolu inşa edilir. Biz bu layihəni müəyyən mərhələlərə bölmüşük. İş yerlərinin, yerli istehsalın yaradılması da əlbəttə ki, diqqət mərkəzindədir”.
Prezident qeyd edib ki, Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmayacaq.
“Məqsəd bundan ibarətdir. Son illərdə bu sahəyə kifayət qədər böyük vəsait ayrılmışdır. Yollar tikilir, çünki yol olmasa inkişaf da olmaz. Eyni zamanda, yol olanda insanlar özlərini daha da rahat hiss edirlər. Yol həm sosial, həm də iqtisadi layihədir. İnfrastruktur layihələri bizim fəaliyyətimizin birinci mərhələsində ona görə prioritet daşıyırdı, çünki onlar olmasa inkişaf mümkün deyil.
Biz elektrik stansiyaları tikməsəydik, bu gün bu müəssisənin də yaradılmasına heç bir imkan olmazdı. Çünki enerji generasiyası, qaz xətləri, infrastruktur, yollar - bunlar hər bir ölkənin inkişafını şərtləndirir. Ondan sonra isə dövlət investisiyalarının yatırılması, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, belə gözəl müəssisələrin yaradılması prosesi başlamışdır”.
Mənbə:> AzərTAc