Yerli kanallara yeni hücum cəhdi » AzNews.info -Xəbər portalı

Yerli kanallara yeni hücum cəhdi

Yerli kanallara yeni hücum cəhdi


Mərkəzi ofisi Türkiyədə yerləşən "Tv8" və "D" telekanalları artıq Azərbaycan üçün Azərbaycan dilində reklam çarxı yerləşdirməyə başlayıblar. Yəni məsələ aydındır, dünyada televerilişlərin reytinqinin müəyyən edilməsi ilə bağlı inhisarçı mövqedə olan AGB şirkəti nədənsə müəyyən edib ki, həmin kanalların müəyyən verilişlərinə Azərbaycanda həddindən çox baxırlar. Yerli şirkətlər də AGB-nin reytinq cədvəlini əsas tutaraq türk telekanallarına üz tutublar. İndi texnika da yetərincə güclənib və peyklər müxtəlif ölkələrə müxtəlif dillərdə reklam yaya bilirlər.

ANS PRESS-in araşdırmasına görə, bu, Azərbaycanın onsuz da ildən ilə kiçilən reklam bazarını bir qədər də məhdudlaşdıracaq. Ekspertlər 2015-ci ildə ölkənin reklam bazarının həcminin təxminən 70 milyon dollar olacağını güman edirlər. Bu vəsait bütün növ reklam daşıyıcılarının, yəni mülkiyyət formasından asılı olmayaraq reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan istənilən vasitənin - kütləvi informasiya vasitələrinin, kino, audio, video və nəşr məhsulları, stasionar, mobil və digər texniki qurğu və avadanlıqların arasında bölünüb. Bu məbləğ əhalisi Azərbaycan əhalisindən cəmi 2 dəfə çox olan Qazaxıstanın reklam bazarından 6 dəfə kiçikdir. Bu il Qazaxıstanın reklam bazarının 400 milyon dollar olacağı ehtimal edilir.

Azərbaycan əhalisinin xeyli hissəsinin həm Türkiyə, həm də Rusiya telekanallarına baxdığı nəzərə alınarsa, "Tv8" sindromunun yaxın zamanlarda digər türk telekanallarına və Rusiya telekanallarına da yayıla biləcəyini ehtimal etmək olar. Bu, ildən ilə kiçilən yerli reklam bazarını daha da kiçildə bilər - 2008-ci ildə reklam bazarı 130 milyon dollar olub və keçən 7 ildə iki dəfəyə qədər azalıb. Nəticədə, şimaldan və qərbdən edilən təzyiq nəticəsində Azərbaycanın yerli reklam daşıyıcılarının, xüsusilə də reklam bazarının 72 faizinə sahib olan telekanalların gəliri bir qədər də azalacaq. Bu il Azərbaycan telekanallarının toplam reklamgəliri təxminən 50 milyon dollar olacaq ki, bunu qərbin heç bir telekanalı ilə müqayisə etmək olmaz. Məsələn, BBC telekanalına ayrılan büdcə vəsaitləri ildə 700 milyon funtu (təxminən 1 milyard dolları) keçir. Məşhur amerikalı teleaparıcı Opra Uinfrinin bir vaxt çalışdığı tok-şounun illik gəliri isə 100 milyon dolları keçirdi. Beləliklə, xarici dövlətlərin yırtıcı reklamdaşıyıcıları Azərbaycanın reklam bazarını da hədəfə götürüb və yerli reklamdaşıyıcıları bu yeni hücum trendindən çox böyük zərbələr ala bilər.

Əslində, yerli reklam daşıyıcılarını daha güclü zərbələr gözləyir və reklam verən şirkətlər bütün sifarişləri xarici telekanallara yerləşdirə bilərlər. İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, əsas təhlükə Azərbaycanın qüvvədə olan "Reklam haqqında" qanununda mövcud olan boşluqdan qaynaqlanır. "Qanunvericilikdə konkret məhdudiyyətlərin müəyyən edilməsi nəzərdə tutulmalıdır. Bir sıra inkişaf etməkdə olan ölkələrdə xarici telekanallarda və qəzetlərdə verilə biləcək reklama limit müəyyən edilir. Yəni daxili bazarda məhsullarını satan şirkətlərin reklam zərfinin ən azı üçdə ikisi yerli reklamdaşıyıcıları, yəni rezidentlər üçün nəzərdə tutulmalıdır. Düşünürəm ki, bu praktikanı da Azərbaycanda da tətbiq etmək lazımdır", - deyə Vüqar Bayramov ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.

Vüqar Bayramovun fikrincə, "Reklam haqqında" qanuna bu dəyişikliklər edilməzsə, Azərbaycan telekanalları Rusiya və Türkiyənin yetərincə imkanlı telekanallarının hücumuna duruş gətirə bilməyəcəklər. "Nəzərə almaq lazımdır ki, dil baxımından Azərbaycan izləyicisinin bu ölkələrin telekanallarına baxmasına heç bir məhdudiyyət yoxdur. Məsələ parlament səviyyəsində qaldırılmalıdır və reklam daşıyıcıları rezidentlərə və qeyri-rezidentlərə bölünməlidir. Daxili bazarda mal satmaq istəyən şirkətlər reklam büdcələrində xarici kanallar üçün ayrılan vəsaitə məhdudiyyət qoyulmalıdır",- deyə iqtisadçı ekspert vurğulayır.

İqtisadçı ekspertin sözlərini qəribliyə salmaq olmaz. Dünya reytinq inhisarçısı AGB-nin rüşvət qarşılığında türk telekanalların yüksək reytinq verməsi elə də uzaq olmayan keçmişdə Türkiyədə sübut olunmuşdu. Vəziyyət o qədər kəskinləşmişdi ki, rəsmi Ankara məsələyə müdaxilə etməli olmuşdu. Amma türk telekanallarının Azərbaycanda bu oyunu qurmayacağına hələ ki, heç kim zəmanət vermir. Ona görə də rəsmi Bakı da hərəkətə keçməli və həm qanunvericilik müstəvisində, həm də AGB-nin "reytinq müəyyənləşdirmə" praktikasında ədaləti bərpa etməklə yerli reklamdaşıyıcılarını qorumladır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *