“Azəriqaz” əhalini “ağıllı” sayğaclarla təmin edir
Cari ilin birinci rübü ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 29 972 yeni abonent qeydiyyata alıb. Bunun da 13 595-i Bakı, Abşeron və Sumqayıt, 16 377-i isə regionlar üzrədir.
Bununla bağlı “Azəriqaz” məlumat yayıb.
Yeni abonentlərin sayının artması abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin, təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması hesabına olub.
Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib.
Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 213 647-ə çatıb.
Bundan əlavə, cari ilin birinci rübü ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, eləcə də, Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin, Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 83 min 682 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.
Mənbə:> Oxu.Az