Bolqarıstan AES inşası ilə bağlı tender elan edəcək
Bolqarıstan bu ilin sonunadək “Belene” Atom Elektrik Stanisyasının (AES) inşa edilməsi üçün tender elan edəcək. Bu barədə Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib.
Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin may ayının sonunda Bolqarıstanın Baş naziri Boyko Borisovla danışıqlardan sonra bildirib ki, ölkəsi “Belene” AES inşa edilməsinə bazar şərtləri üzrə yenidən qayıda bilər.
Qeyd edək ki, 2006-cı ildə Rusiyanın “Rosatom” şirkətinə daxil olan “Atomstroyeksport” şirkəti “Belene” AES-nin iki blokunun inşa edilməsi üzrə beynəlxalq tenderi qazanıb. 2009-cu ildə Boyko Borisov Bolqarıstanın Baş naziri seçildikdən sonra layihə dondurulub. Buna baxmayaraq 2010-cu ildə yeni bolqar hökumətinin tələblərinə cavab verən layihə şirkətinin yaradılması barədə memorandum imzalanıb. 2011-ci ildə “Atomstroyeksport” şirkəti 2006-2009-cu illər ərzində “Belene” AES-də layihə, lisenziyalaşdırma, köhnə tikililərin sökülməsi, avadanlıqların sifarişi və digər işlər üzrə xərclərin geri qaytarılması üçün beynəlxalq məhkəməyə müraciət edib. Məhkəmə 2016-cı ildə Bolqarıstan Milli Elektrik Şirkətinin “Atomstroyeksport” şirkətinə 601,6 milyon avro ödəməsini nəzərdə tutan qərar çıxarıb. 2016-cı ilin sonunda bütün məbləğ “Atomstroyeksport” şirkətinə ödənilib.
Mənbə:> Virtualaz.org