İlham Əliyev: “Cənub Qaz Dəhlizi"nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq”
“Cənub Qaz Dəhlizi"nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
Prezident İlham Əliyev bildirib: "Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hal-hazırda ticarət dövriyyəsi lazımı səviyyədə deyil və müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə sahəsində də yaxşı imkanlar var".
Dövlət başçısı vurğulayıb ki, bu gün danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub: "Bildiyiniz kimi bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan digər ölkələrlə bərabər “Cənub Qaz Dəhlizi"nin icrasını təmin edir. Azərbaycanın zəngin qaz yataqları var".
Prezident İlham Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi"nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq: "Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın vaxtlarda Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq. “Cənub Qaz Dəhlizi"nin icrası uğurla gedir. "Şahdəniz-2" layihəsinin icrası 99 faizə çatıb. "Şahdəniz-2" "Cənub Qaz Dəhlizi" üçün əsas resurs bazasıdır. Eyni zamanda bu il TANAP layihəsinin yekunlaşdırılması nəzərdə tutulur. Bu layihənin icrası artıq 90 faizə çatıb. Beləliklə bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra olunur. “Cənub Qaz Dəhlizi" layihəsinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq. Biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir."
Mənbə:> Virtualaz.org