Minimum əməkhaqqı: Təkliflər və reallıq... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Minimum əməkhaqqı: Təkliflər və reallıq...

Minimum əməkhaqqı: Təkliflər və reallıq...


Ölkədə minimum aylıq əməkhaqqı mexanizminə dəyişiklik etmək təklif olunur ki, Həmkarlar İttifaqları Konfederasiyası ilə bir sıra sosial qurumlar tərəfindən Əmək Məcəlləsinə dəyişiklik etməklə onun hesablanması zamanı təkcə işçinin deyil, ailəsinin də minimum tələbatlarını nəzərə almaq lazım gəldiyi irəli sürülür. Bu da əhalinin sosial müdafiəsinin təmini baxımından şübhəsiz ki, olduqca əlverişli təklifdir.

Minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı ödəniş olmaqla, qanunla bu sahədə müəyyən edilən sosial normativ sayılır. Və məlum olduğu kimi onun mahiyyəti həmin əməkhaqqıya çalışan şəxsin öz minimum tələbatını ödəyə bilməli olduğundan ibarətdir.

Dövlət başçısı tərəfindən ölkəmizdə minimum əməkhaqqının artırılması istiqamətində son 10 ilin ərzində 12 sərəncam imzalanmışdır ki, sonuncu dəfə 2013-cü ilin sentyabr ayındakı eyni sənədi də nəzərə alsaq 12 dəfə artırılaraq, 105 manata çatdırılmışdır.

Sözümüz bunda deyil.

Minimum əmək haqqı mexanizminə dəyişiklik etmək təklifi ilk dəfə deyil ki, irəli sürülür. Lakin bundan əvvəlkilər reallaşmayıb. Ona görə ki, minimum aylıq əmək haqqı elə bir mürəkkəb mexanizm və sistemdir ki, istənilən dəyişiklik ciddi əsaslandırma tələb edir.

Elə sonuncu təklif barədə də bu sahədə müvafiq hesablamalar aparıldıqdan və beynəlxalq təşkilatların təcrübəsi öyrənildikdən sonra addımlar atıla biləcəyi söylənilib.

Xatırladaq ki, 4 il öncə də ölkədə layiqli əməyin təmin olunmasına dair dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində minimum əməkhaqqı məbləğini iqtisadiyyatın sektorları üzrə diferensiallaşdırmaq lazım gəldiyi söylənilmişdi.

Ancaq sonradan bu təklif hökumət tərəfindən dəstəklənməyərək minimum aylıq əmək haqqını sahələr üzrə fərqləndirməyin düzgün olmadığı bildirildi.

Beynəlxalq təcrübəyə gəldikdə isə, ABŞ başda olmaqla, Avropa ölkələrində tam başqa mexanizm mövcuddur. Belə ki, onlarda əməyin saata görə ödəniş sistemi tətbiq edilir ki, üstəlik, sözügedən ölkələrin hər birində bu sahədə ayrıca hədd müəyyən edilmişdir. Məsələn, inkişaf etmiş ölkələr sırasında sözügedən sahədə Almaniya bu ildən əməyin saata görə 8,5 avro olmaq şərti ilə minimal ödəniş sisteminə keçən sonuncu ölkə oldu.

Fransada isə xeyli vaxtdır saata görə 13 ABŞ dolları (9,5 avro), ABŞ-da 7,25 dollar ödəniş sistemi tətbiq olunur. Bu sahədə liderlik isə Avstraliyaya (17 dollar) məxsusdur.

Dediyimiz budur ki, minimum aylıq əmək haqqı və ümumiyyətlə, əməyin minimal ödənişi sahəsində ciddi şəkildə əsaslandırılmış və bitgin bir mexanizm yoxdur.

Ancaq məsələ bundadır ki, hansı formada olmasından asılı olmayaraq dünyanın demək olar hər yerində, o cümlədən ölkəmizdə də əməyin minimal ödəniş mexanizmi bütün sahələrdə ödənilən aylıq maaşların real olaraq əsasən aşağı həddini müəyyən etməyə imkan yaratmaqla bir növ əhalinin sosial müdafiəsini təhlil və təmin etmək baxımından, olduqca mühüm əhəmiyyətə malikdir.

Məsələn, əməyin saata görə ödəniş sisteminin tətbiqinə biz, hazır deyilik. O səbəbdən ki, əməyin saata görə minimal ödəniş sisteminə keçid hələ nə dövlət büdcəmiz, nə də özəl sektorun mövcud imkanları baxımından real sayılmır.

Belə ki, gündəlik 8 saatlıq iş rejimiylə götürsək saata görə minimum məsələn, 1 manat səviyyəsində ödəniş həyata keçirilərsə onda gərək, ixtisassız əməyə ölkəmizdə ayda 240 manat əməkhaqqı ödənilsin.

Buna ölkə iqtisadiyyatının mövcud imkanları daxilində indi nail olmaq mümkündürmü? Şübhəsiz ki, yox...

Lakin məsələ ondadır ki, ölkəmiz 2004-cü ildə “Avropa Sosial Xartiyası” adlı öhdəliyə qoşulmaqla sözügedən sənədin 4-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işçilərə və onların ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək səviyyədə əmək haqqı ödəmək vəzifəsi götürmüşdür. Və həmin Xartiyanı ratifikasiya etməklə minimum əmək haqqının ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsinin 60 faiz civarında olması prinsipiylə razılaşmışdır.

Düzdür, bu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb. Ancaq, buna mərhələrlə nail olmaq mümkündür. O mənada ki, aradakl fərqi aradan götürmək üçün çox iş görmək lazımdır. Məlum olduğu kimi fevralın sonuna Azərbaycanda orta aylıq əmək haqqı 444,4 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 4,3 faiz çoxdur.

Digər tərəfdən, ölkəmizdə yaşayış minimumu göstəricisi var. Və cari il üçün müvafiq qanuna əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə o, ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.

Hazırda minimum aylıq əmək haqqı ölkə üzrə yaşayış minimumunun 80,2 faizi səviyyəsindədir.

Odur ki, fikrimizcə, ölkəmizdə inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqi mümkün olmasa da minimum əmək haqqının əhalinin sosial müdafiəsi baxımından rolu hər baxımdan genişləndirilməlidir.

Və bu, hansı formada baş verməyindən asılı olmayaraq özündə ilk növbədə məhz, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunu əks etdirməklə təmin olunmalıdır.

Elə hökumətin də əsas məqsədi minimum əməkhaqqını yaşayış minimumu ilə bərabərləşdirməkdən ibarətdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *