Əhaliyə manat müjdəsi
Azərbaycan Mərkəzi Bankı bu il fevralın 21-də bir manat üçün müvafiq olaraq 1,05 dollar və 1,195 avro mübadilə kursu təyin edib. Bununla da ABŞ dolları və avro haqqında manatın məzənnəsi 34% və 33,8% düşüb. Manatın qəfildən ucuzlaşması ölkə gündəminə çevrilib və cəmiyyətdə hələ də əsas müzakirə mövzusu olaraq qalır.
Yerli və xarici ekspertlərin fikrincə, Milli Bankın bu addımı bir qrup imkanlı şəxslərin daha da varlanmasına, orta və aşağı təbəqədən olan insanların isə daha da kasıblaşacağına yol açır. Ona görə də əhalinin itkiləri kompensasiya olunmalı, hökumət maaşları, pensiyaları və müavinətləri artırmalıdır. Nazirlər Kabineti istehlak səbətinin dəyəri, minimum əmək haqqı məsələsinə yenidən baxmalıdır.
Onların sözlərinə görə, gəlirlər indeksasiya olunmasa, insanların alıcılıq qabiliyyəti azalacaq, bu da Azərbaycanda sosial problem yarada və yerli istehsala təsir göstərə bilər.
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ANS PRESS-ə bildirib ki, manatın devalvasiyası nəticəsində yaranmış vəziyyəti yumşaltmaq və sosial itkiləri azaltmaqdan ötrü hökumət tədbirlər paketi hazırlayır. Yəqin ki, həmin tədbirlərdə manatın devalvasiyasının mənfi nəticələrinin mümkün sahələrdə aradan qaldırılması, digər yönlərdə müəyyən dərəcədə yumşaldılması istiqamətində tədbirlər olacaq.
O deyib: "Ən əsası odur ki, devalvasiya mexanizminin işə düşməsi vasitəsilə 2015-ci ilin dövlət büdcəsinə daxil olacaq əlavə pul vəsaitləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olanlara əvvəlkindən daha çox vəsait ayrılacaq."
Almaniyalı professor Vilfrid Furman da müsahibəsində diqqətə çatdırıb ki, milli məzənnənin ucuzlaşdırılması ixraca şərait yaradır və eyni zamanda idxala yüklənməni gücləndirir. Belə olan halda idxal edilən malların qiyməti qalxır, alıcılıq qabiliyyəti enir, bununla, insanların yaşayış standartları aşağı düşür. Belə addımlarda sosial ölçülər nəzərdən qaçırılarsa, sosial gərginliyə gətirib çıxara bilər. Buna qarşı mütləq diversifikasiyalı iqtisadiyyat yaratmaq lazımdır.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə mətbuata açıqlamasında yaranmış vəziyyətdə gərginliyi aradan qaldırmaq üçün əhalinin gəlirlərinin indeksasiya edilməsini çıxış yolu hesab edib: "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı, sosial müavinətlər artırılmalıdır, istehlak səbətinin dəyəri yenidən Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir, minimum əmək haqqı kimi göstəricilərin hər biri yenidən işlənməlidir. Özəl sektor isə məcburdur ki, işçilərin əmək haqqını indeksasiya etsin. Əks halda, əmək məhsuldarlığı kifayət qədər aşağı düşəcək, sosial gərginlik insanların iş fəaliyyətinə təsir göstərəcək."
Xatırladaq ki, demək olar, MDB məkanı ölkələrində milli valyutalar devalvasiya olunub. Neftin qiymətinin düşməsindən Rusiya, Qazaxıstan, Türkmənistan, Venesuela və s. neft və qaz ixracatçısı ölkələrin iqtisadiyyatı əziyyət çəkir. Bu ölkələrin valyutaları ucuzlaşır. Azərbaycan da istisna təşkil etməyib və beynəlxalq trendləri nəzərə alaraq manatın məzənnəsinin düşməsi gözlənilən idi.
Mənbə:> ANSPRESS