İlham Əliyev manatın ucuzlaşmasından danışdı
İqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurlarımızı möhkəm qiymətləndirir. Amma eyni zamanda regionda gedən proseslər bizə də təsir göstərir və son aylar ərzində, son bir il ərzində MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqitsadiyyatına da öz təsirini göstərib.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının açılışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, “əsas məsələ ondan ibarət idi ki, Azərbaycan xalqını mümkün olan risklərdən qoruyaq, Azərbaycanda sabitliyi möhkəmləndirək və xalqımızın seçimini müdafiə edək”.
“Həm Yaxın Şərqdə həm Avropada, MDB məkanında baş verən xoşagəlməz hadisələr Azərbaycanda gedən işlərə mənfi təsir göstərməyib. Çünki biz artıq özümüzü müdafiə etməyə, öz seçimimizi müdafiə etməyə hazırıq . Ancaq iqtisadi sahədə bölgədə gedən xoşagəlməz proseslər əlbəttə ki, bizə də təsir göstərmişdir. Bir neçə gün əvvəl manatın məzənnəsində dəyişiklik edilmişdir. Qeyd etməliyəm ki, biz 2006-cı ildə pul islahatları həyata keçirdik. 2005-ci ildə belə qərar verilmişdi. 2006-cı ilin əvvəlindən bizim pul islahatımız başa çatmışdır. Təbii ki, yaşlı nəsil bunu xatırlayır. O vaxta qədər 1 dollar 5000 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 manat 1 dollar oldu. Və 10 il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq eyni zamanda qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlamışdır. Üstəgəl dünyada neftin qiymətinin kəskin aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərmişdir. Eyni zamanda manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdi ki, manat bir az ucuzlaşsın” – deyə, prezident bəyan edib.
Və bu barədə yanvar ayında regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransnda mən açıq şəkildə öz fikrimi bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar, deyə, İlham Əliyev vurğulayıb.
“Heç kəs üçün bu sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu iqtisadiyyatımıza mənfi təsir göstərir. Regionda baş verən hadisələr, dünyada neftin qiymətinin aşağı düşməsi mənfi nəticələrə gətirib çıxarır. Bu birinci bir siqnal idi. Ondan sonra Mərkəzi Bank açıqlama vermişdi ki tədricən, ilin sonunadək manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı və bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda bu vəziyyətdən bəzi spekulyatnlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün minimum 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində manat əvvəlki səviyyəyə enmişdir. İslahat başlayanda 1 manat 1 dollar idisə, indi də 1 manat 1 dollara bərabərdir” – deyə, İ.Əliyev bildirib.
Prezidentin sözlərinə görə, “bütün qurumlara göstəriş verilmişdir ki, süni qiymət artımına yol verilməsin”:
“Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Son illər Azərbaycanda istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq”.
Prezident həmçinin ölkənin gələcək iqtisadi inkişafından da danışıb:
“Kompleks tədbirlər nəticəsində Azərbaycanda bundan sonra da uğurlu iqtisadi inkişaf prosesi gedəcək. Azərbaycanda iqtisdaiyyat sabitdir, ictimai-siyasi vəziyyət möhkəmdir. Manatın dollara bərabərləşdirilməsi imkan verəcək ki, daha çox vəsait sosial məsələlərə xərclənsin, büdcədə problem olmasın, ölkə üçün lazım olan bütün infrastruktur layihələri vaxtlı-vaxtında icra olunsun”.
Mənbə:> Oxu.Az