Əhalinin ən çox istifadə etdiyi nəqliyyat vasitələri
2018-ci ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 127,6 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artım müşahidə olunub.
AzNews.info Trend-ə istinadən bildirir ki, yüklərin 3,9 faizi dəniz, 6,2 faizi dəmir yolu, 0,1 faizi hava, 63,5 faizi avtomobil nəqliyyatı, 26,3 faizi isə boru kəməri ilə daşınıb.
2018-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1 milyard 100,8 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 12,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-iyul ayları ərzində 7,9 milyon ton yük, 1 milyon 505,2 min sərnişin daşınıb, 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 4,3 faiz azalma, sərnişin daşınmasında isə 6,2 faiz artım müşahidə olunub.
Dəniz nəqliyyatı ilə 2018-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4 milyon 975,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artıb. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 18,0 faiz azalaraq 9,1 min nəfər olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 81,1 milyon ton yük, 963,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 faiz və 1,4 faiz artım qeydə alınıb.
Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,9 faiz, sərnişin dövriyyəsi isə 1,4 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz artaraq 134,9 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 1 milyon 366,7 min və ya 6,3 faiz çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 30,0 faiz artaraq 118,4 min tona çatıb.
Mənbə:> Trend