Neftin qiyməti son 4 ildə ilk dəfə 80 dolları keçdi
“Brent” markalı xam neftin bir barelinin qiyməti bu gün 2014-cü ildən indiyədək ilk dəfə 80 dolları keçib. “Light” neftinin qiyməti isə son 4 ilin maksimumuna çataraq 72 dollar/bareli ötüb. Bəs neftin qiymətindəki bu sıçrayışa təsir edən əsas amillər nədir?
AzərTAc xəbər verir ki, “qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən amillərdən biri ötən günlərdə ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən sonra Qəzza sektorunun sərhədində İsrail ordusu ilə toqquşmaların artmasının Orta Şərqdə neft təklifi ilə bağlı problemlərin yaranacağına dair ehtimallara zəmin yaratmasıdır.
Digər səbəb isə İsrailin Qəzza bölgəsini bombalamasından sonra Ərəb Liqası xarici işlər nazirlərinin Qahirədə toplaşmasıdır. Həmçinin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı yayılan xəbərlər də neftin qiymətinin bahalaşmasına öz təsiri göstərir.
Bundan başqa, neftin qiymətindəki artıma ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarı ilə əlaqədar Fransanın “Total” neft-qaz şirkətinin İrandakı 4,2 milyard avroluq “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsinin icrasını dayandırması, neft və dəniz daşımaları sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan Danimarkanın “Maersk” holdinqinin İrandakı bütün fəaliyyətini sona çatdırması, Almaniyanın sığorta nəhəngi “Allianz”ın İranla ticarətini dayandırmağa hazır olduğunu açıqlaması, həmçinin də “Siemens”in baş icraçı direktoru Joe Kaiserin şirkətin artıq İranla yeni əməkdaşlıq qurmayacağını bildirməsi səbəb olan faktorlardır.
Eləcə də, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) son hesabatına görə, iqtisadi və siyasi baxımdan çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı apreldə martla müqayisədə 41 min 700 barel azalaraq 1 milyon 436 barelə düşüb. Venesuelada neft hasilatının azalması, eləcə də ABŞ-ın neft emalı zavodlarının iyun ayında təmirə bağlanacağı da “qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən amillərdir.
Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 79,63 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 71,85 dollara alıcı axtarır.
Mənbə:> AzerTac