Bakıda çox ucuz evlər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda çox ucuz evlər

Bakıda çox ucuz evlər


"İndi Bakının tikinti şirkətləri pis gündədir. Bir şirkətə 90 min manatlıq kərpic satmışdım, pulumu verə bilmirdilər. Əvəzində mənzil götürməli oldum. Qorxdum ki, pulum bata".

Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində Bakıda tikinti materialları alveri ilə məşğul olan Xırdalan sakini Ramazan deyir.

Onun sözlərinə görə, şirkətləri böhrana salan əsas səbəb əhalinin tikilməkdə olan evlərə pul yatırmaqdan çəkinməsidir: "Əhalini qınamaq olmaz. İndiyə qədər adamları çox aldadıblar, bir mənzili 5 adama satıblar. Bəzən pulu yığıb, heç bünövrəni də qoymadan aradan çıxıblar. Adamlar bilmir batmış pullarını kimdən alsın. Tikinti şirkətinin rəhbəri deyir pulunuz koperativ sədrindən istəyin, koperativ sədri şirkəti günahkar çıxarır".

Ramazanın dediyinə görə, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun son günlərdə verdiyi bəzi açıqlamalar tikinti şirkətlərində ümid yaradıb. İpotekaya verilən vəsaitlərin əhəmiyyətli dərəcədə qaldırılmasını vacib sayan AMB sədri başlıca məqsədin ipoteka vasitəsi ilə iqtisadi aktivliyin canlandırılmasıdır: "Bu, vəsaitlərin yeni tikintilərə yönəldilməsinə imkan yaradacaq. Əlaqədar qurumlarla yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsini həll etmək lazımdır. Əhali bununla bağlı çox əziyyət çəkir. Dünya praktikasında olan təcrübəyə əsaslanaraq biz ilkin qeydiyyata keçəcəyik”.

“Value and Sources” konsaltinq şirkəti də binaların ilkin qeydiyyat məsələsini Azərbaycanın tikinti sektoru üçün çox önəmli sayır. Şirkətin eksperti Rəşad Əliyev inkişaf etmiş ölkələrdə tikintisinə icazə verilmiş, amma hələ inşasına başlanılmamış binaların mənzillərinə mülkiyyət hüququna bərabər sənəd verildiyini bildirir. "Tikilməmiş həmin mənzillər ipotekada girov kimi istifadə edilə bilir. Amma bizim qanunvericiliyə görə, bu, mümkün deyil. Bizdə ancaq girov kimi üzərində mülkiyyət hüququ olan əmlak qəbul edilir. Azərbaycanda tikinti şirkəti ilə müştəri arasında bağlanmış müqavilə dövlət tərəfindən tanınmır və müştərilərin hüqüqları qeydiyyata alınmır",- deyə Rəşad Əliyev ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda indiki şərtlərlə verilən ipoteka tikinti sektorunun canlanmasına heç bir dəstək vermir. Amma təkrar mənzil bazarında qiymətləri artırmaqla ilə geniş potensial müştəri ordusuna zərər vurur.

Əmlak eksperti fikrini 2009-cu ildə dünyada və Azərbaycanda yaşanan maliyyə böhranı zamanı baş vermiş proseslərlə izah edir: "2009-cu ildə mənzillərin qiyməti düşmüşdü və əllərində pul olan vətəndaşlar ev almaq istəyirdi. Payızda birdən-birə ipoteka vasitəsi ilə bazara böyük pullar axdı, qiymətlər 15-20 faiz artdı. Nəticədə, 5 nəfər ipoteka götürən mənzil aldı, əlində nağd pulu olan 50 nəfər isə kənarda qaldı. Yəni mövcud ipoteka təcrüəbsinin ölkə iqtisadiyyatı üçün zərərdən başqa bir təsiri yoxdur".

“Value and Sources” konsaltinq şirkətinin araşdırmasına görə, ipoteka vəsaitlərini ilkin bazara yönəldilməsi bu vəsaitlərin təxminən 20 faizinin vergi şəklində büdcəyə qaytarılmasına imkan yaradar. Şirkətin ekspertlərinin fikrincə, bu, faizsiz, yaxud çox aşağı faizli ipoteka tətbiq etməyə imkan yaradar. Həmçinin ilkin bazara yönəldilmiş pullar çox sayda yeni şi yerlərinin açılmasına səbəb olacaq. Yəni ipoteka vəsaitləri yeni binaların tikintisinə rəvac verər ki, bu da bazarda mənzil qiymətlərini əhalinin alıcılıq qabiliyyətinə uyğun səviyyədə saxlanmasınap imkan yaradar.

İlkin ehtimallara görə, layihəsi təsdiqlənmiş və tikintisinə icazə verilmiş mənzillərə mülkiyyət hüququna bərabər sənəd verilməsi bu bazarda möhtəkirliklərin qarşısını ala bilər. Yəni bu sənədlər ümumi əmlak reyestrinə yerləşdirilər və istənilən notariusda tikiləcək mənzilin hüququnun kimə məxsus olmasını aydın görmək olar. Bu cür sənədlər tikinti şirkətlərinin mənzilin pulunu ödəmiş mülkiyyətçi qarşısında məsuliyyətinin hüquqi təsdiqi də sayıla bilər. Hazırda isə bu məsuliyyətin təsdiqlənməsi çox çətindir. Tikinti şirkətləri sovet təcrübəsinə əsaslanan koperativlər yaratmaqla məsuliyyətdən asan şəkildə yaxa qurtara bilirlər.
Bütün bunlarla yanaşı, Rəşad Əliyev Azərbaycanın tikinti sektorunun nəzərdə tutulan yeni ipoteka şərtlərinə uyğun olmadığını düşünür. Onun fikrincə, ilk növbədə, əksər normal ölkələrdə olduğu kimi, evlərin təmirli satılması tələb kimi qoyulmalıdır. "Azərbaycanda evlərin 90 faizindən çoxunun "malaaltı" satılması ipoteka yolu ilə mənzil alan imkansız adamları bu sektordan qaçırır. Çünki həmin adamlar elə ev alırlar ki, birbaşa girib içində yaşamağa imkan olsun",- deyə əmlak bazarı üzrə ekspert vurğulayır.

Rəşad Əliyevin fikrincə, tikinti şirkətləri böyük ipotekaya hazırlıq üçün ekonom klass kiçik mənzillərin tikintisinə başlamalıdırlar. “Elə şirkətlər var ki, 85 kvadratlıq bir otaqlı, 140 kvadratlıq iki otaqlı mənzillər tikir. Belə evlər çox baha çıxır. Ona görə də yeni mənzilləri ipotekaya çıxarmaq çox çətindir. Tikinti şirkətləri layihəyə pul xərcləmək istəmirlər və xarici kataloqlardan oğurlayırlar. Bina tikənlər adətən satış barədə düşünmürlər. Əslində, layihələr yerli bazara uyğun çəkilməlidir ki, müştəri tapmaq çətin olmasın”, - deyə əmlak eksperti vurğulayır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *