Azərbaycan Özbəkistandan avtomobil ala bilər
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Özbəkistanın baş nazirinin müavini Uluqbek Rozukulovla görüşüb.
Oxu.Az-a bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
“Görüşdə iki ölkə arasında bir sıra iqtisadi sahələrdə, eləcə də nəqliyyat, tranzit daşımaları və s. sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, Özbəkistan yüklərinin Azərbaycandan keçməklə dünya bazarına çıxarılması, ticarət əlaqələrinin genişləndirilməsi, Özbəkistanda istehsal edilən müxtəlif avtomobillərin Azərbaycana ixracı və s. məsələlər barədə geniş müzakirələr aparılıb”- nazirliyin məlumatında deyilir.
Səfər zamanı nazir Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyev və iqtisadiyyat naziri Qalina Saidova ilə də görüşüb.
Görüşlərdə ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin və investisiya əməkdaşlığının daha da genişləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb, Özbəkistanda istehsal edilən kənd təsərrüfatı texnikasının və müxtəlif məhsulların ölkəmizə ixracı, Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracı və s. məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Özbəkistanın bir sıra istehsal müəssisələrində də olub.
www.oxu.az
Mənbə:> Oxu.Az