Azərbaycan cəlbedici ölkədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANS PRESS-in məlumatına görə, Azərbaycan ilə Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin ticarət dövriyyəsinin artdığını da məmnunluqla qeyd edib. Dövlət başçısı ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensialın olduğunu deyib.
Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafının regional əməkdaşlıq baxımından önəmini, Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının uğurlu olacağına əminliyini söyləyib.
Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyən Yanuş Pexoçinski əldə olunan uğurlar münasibətilə dövlət başçısını təbrik edib. O, Polşa Prezidenti Bronislav Komorovskinin və Polşanın Baş naziri xanım Eva Kopaçın salamlarını dövlət başçısına çatdırıb.
Ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlərə toxunan Yanuş Pexoçinski Azərbaycana özü ilə Polşa iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğulayıb və ölkəmizin əməkdaşlıq üçün cəlbedici olduğunu məmnunluqla deyib. Yanuş Pexoçinski Azərbaycanda qeyri-neft sektorunda əldə edilən uğurların da ölkəsində maraqla izlənildiyini bildirib.
Dövlət başçısı Prezident Bronislav Komorovskinin və Baş nazir xanım Eva Kopaçın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Polşanın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.
Mənbə:> ANSPRESS