Moskva meri Bakıda
Prezident İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirdi. Ölkələrimizin həm yüksək səviyyədə, həm də müvafiq strukturlar və nazirliklər səviyyəsində fəal əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın iclasında müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd etdi.
Moskva şəhəri ilə mövcud olan ənənəvi əlaqələrin önəmini vurğulayan dövlətimizin başçısı son dövrlərdə Rusiya paytaxtında həyata keçirilən geniş yenidənqurma işlərinin böyük maraq doğurduğunu bildirdi. Bakı şəhərində də sürətli inkişaf və abadlıq işlərinin həyata keçirildiyini deyən Prezident İlham Əliyev paytaxtlarımız arasında təcrübə mübadiləsinin səmərəli olacağını qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti Moskva şəhəri ilə ticarət-iqtisadi əlaqələrə toxunaraq Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağına əmin olduğunu dedi.
Prezident İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkəmizlə daha yaxından tanış olmaq işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı.
Nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirən Moskva şəhərinin meri Sergey Sobyanin dedi: “Həqiqətən, Moskva şəhəri ilə Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və olduqca yaxşı haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə davam edir”. Ticarət dövriyyəsinin artmasının önəmini vurğulayan Moskva şəhərinin meri bildirdi ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan höküməti ilə Moskva şəhəri arasında imzalanacaq memorandum və əlavə sazişlərdə iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı konkret məsələlərin əks olunduğunu qeyd edən Sergey Sobyanin bu sənədləri ticarət, iqtisadi əlaqələrimizin yeni səviyyəyə qalxmasının göstəricisi kimi dəyərləndirdi.
Mənbə:> ANSPRESS