İlham Əliyev küveytli naziri qəbul etdi
Prezident İlham Əliyev Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahı qəbul edib.
AzNews.info-nun məlumatına görə, nazir Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın, Küveyt Şahzadəsi və Baş nazirinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Qonaq Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun işə başlaması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik etdi. Ölkəmizdə olmağından məmnunluq hissi keçirdiyini deyən Küveytin dövlət naziri dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Küveytə səfərini və Küveyt rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. Ölkələrimiz arasında mövcud olan əlaqələrin ikitərəfli əməkdaşlığın yaxşı nümunəsi olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləməsinin və maraqlarını müdafiə etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında gənclər siyasəti sahəsində əlaqələri genişləndirməyin vacib olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri, Şahzadəsi və Baş nazirinin salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmiri, Şahzadəsi və Baş nazirinə çatdırmağı xahiş etdi.
Mənbə:> AzərTac