“İpək yolu” ölkələri 400 km/s sürətlə hərəkət edən qatarlardan istifadə edəcəklər
Yeni “İpək yolu” marşrutu boyunca yerləşən ölkələr Çinin 2020-ci ilədək istehsal edəcəyi 400 km sürətlə hərəkət edən qatarlardan istifadə edə biləcəklər.
AzNews.info-nun APA-ya istinadla xəbərinə görə, bunu “CRRC Changchun Railway Vehicles Co” şirkətinin baş mühəndisi Tsyao Fen deyib.
Onun sözlərinə görə, yeni qatarın istehsalında karbon liflər və alüminium ərintisi kimi yeni materiallardan istifadə ediləcək. Qatarlar yeni “İpək yolu” marşrutu boyunca yerləşən ölkələrin istifadəsinə 2020-ci ilədək veriləcək. Tsyao Fen əlavə edib ki, yeni qatarlar regional münasibətlərin, habelə Çin və yeni “İpək yolu” marşrutu boyunca yerləşən ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Çin 2013-cü ildə iqtisadi inkişafın “Bir kəmər-bir yol” yeni strategiyasını elan edib. Bu strategiya Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və əlaqələrin inkişaf etdirilməsinə yönəlib. Strategiyaya iki əsas inkişaf istiqaməti daxildir: “İpək yolu”nun iqtisadi kəməri və dəniz “İpək yolu”. Söhbət malların güzəştli şərtlər əsasında Şərqdən Qərbə tədarük olunması üçün ticarət dəhlizinin yaradılmasından gedir.
Mənbə:> APA