Azad Cavadov: Bağlanmış bankların əmlakını satmağa hazırlaşırıq
“Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu kommersiya banklarının əmlakını satmağa hazırlaşır”.
AzNews.info “Report”a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, əmlaklar hərrac yolu ilə satılacağından hərracın keçirilmə qaydaları hazırlanıb və hazırda onlar ADIF-in Himayəçilər Şurasında müzakirə edilir:
“Bu qaydalarda hərracda iştirak etmək üçün neçə gün əvvəlcədən müraciət edilməsi, nə qədər beh ödənilməsi və s. məqamlar əksini tapıb”.
A.Cavadov qeyd edib ki, artıq bağlanmış bankların əmlakının inventarlaşması başa çatıb və onların qiymətləndirilməsi işləri davam etdirilir:
“Banklara məxsus daşınmaz əmlakların qiymətləndirilməsini artıq başa çatdırmışıq, daşınar əmlakların (avtomobillər, bankomatlar, kompüterlər, mebel və s.) isə qiymətləndirilməsi hələ yekunlaşmayıb. Yəqin ki, yaxın 1 ay ərzində bu proses başa çatacaq”.
Onun sözlərinə görə, əmlakların hərrac yolu ilə satışı məhkəmə qərarı əsasında, ləğvetmədə olan banklarda yaradılmış Kreditor komitələrinin iştirakı ilə həyata keçiriləcək.
Mənbə:> Report