Azərbaycandan Xəzərdə möhtəşəm layihə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycandan Xəzərdə möhtəşəm layihə - Prezident qərar verib

Azərbaycandan Xəzərdə möhtəşəm layihə


Fevralın 20-də prezident İlham Əliyevin imzaladağı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam və burada əks olunan müddəalar tək ölkəmiz üçün deyil, eyni zamanda bizimlə dost münasibətdə olan qonşu dövlətlərin turizm sənayesinin inkişafı üçün də stimullaşdırıcı əhəmiyyət daşıyır.

Aznews.info Qafqazinfo-ya istinadla bildirir ki, burada qeyd olunan bir bənd xüsusilə diqqəti cəlb edir: ““Xarici İşlər Nazirliyinə tapşırılır ki: “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparsın və nəticəsi barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”.

Prezidentin bu sərəncamından irəli gələn həlli vacib məsələ Xəzər dənizində sahilyanı ölkələrin iştirakı ilə gəmi turlarının-kruizlərin təşkilini reallaşdırmaqdır. Əslində, Xəzər dənizində əməkdaşlığın yeni sahəsinə təkan verə biləcək bu sərəncam həm də, turizmin tam yeni bir istiqamətidir. Dünya turizm sənayesində bu sahə daha dinamik inkişaf tempinə malikdir. Xəzərin hüquqi statusunda payı olan beş dövlətin hər biri kruiz marşarutlarının davamlı fəaliyyətindən kifayət qədər gəlir əldə edə bilər. Bu işdə ən çətin məqam dövlətlərarası siyasi razılaşmalar, təhlükəsizliyin təminatı və bütün yanalma limanlarında infrastrukturun müasir tələblərə cavab verməsidir.

Azərbaycandan Xəzərdə möhtəşəm layihə


Sərnişinlərə gəmi daxilində göstərilən yüksək xidmətlə bərabər, yanalma limanlarındakı layiqli servis də böyük əhəmiyyət kəsb edir. Bizim üçün çox perspektivli məqam isə ondan ibarətdir ki, Bakı Xəzər sahilindəki ən böyük şəhər kimi bu marşrutun ən maraqlı dayanacağı rolunu oynaya bilər.

Paytaxtımızın son illərdə böyük mədəniyyət mərkəzinə çevrilməsi, tarix abidələrin, istirahət və əyləncə məkanlarının bolluğu üstünlüklərimizdəndir. Dənizin bizə aid olan akvatoriyasındakı Neft daşlarının da kruizdəki vizuallığa əsaslı töhfə verəcəyi şübhəsizdir. Abşeron çimərlikərinin turistlərdə necə böyük maraq doğurduğunu bilirik. Kruiz gəmilərinin Sumqayıt, Bakı, Lənkəran marşrutu boyunca bir gecəlik lövbər salması maraqlı istirahətin yeni çalarlarını cızmış olardı. Yeri gəlmışkən Sumqayıt və Lənkəranın yaxın gələcəkdə çimərlik turizmində əsaslı payı olan şəhərlər siyahısına daxil olma şansları da böyükdür. Bu şəhərlərdə son illər ərzində aparılan quruculuq və abadlıq işləri, yenilənmiş infrastruktur vaxtında reallaşdırılmış məqsədyönlü layihələrdəndir. Sumqayıt və Lənkəranda müasir yanalma körpülərinin tez bir zamanda tikilməsi lazımdır. Hər iki şəhərin Xəzər sahili boyu təkrasız relyefi var.

Bu uinikal sahil zolağını təmiz saxlamaq və şəhər çimərliklərini bərpa etmək düzgün olardı. Yaxın gələcəkdə bu şəhərlərin dəniz sahili relaksasiya mərkəzlərinə çevrilməsi üçün daha mütərəqqi planlar işləmək olar. İlk növbədə sahilboyu çimərlik ərazilərdə suyun nisbi təmizliyi üçün Sumqayıt aerasiya stansiyasını tam gücüylə işlətmək lazımdır. Hesab edirəm ki, bu işlə ciddi şəkildə məşğul olanlar var. Amma hələ ki, nəticə qənaətbəxş deyil. Gəmilərin lövbər salacaq ərazilərə yaxın yerlərdə mağaza və ictimai iaişə müəssisələrinin təşkili yeni iş yerlərilə bərabər büdcəmizə də xeyli vəsait gətirə bilər.
Azərbaycandan Xəzərdə möhtəşəm layihə


Bakı

İlk növbədə “Made in Azərbaycan” brendli məhsulların bu ərazidə münasib qiymətlərlə satışını təmin etmək olar. Eyni zamanda sərnişin gəmilərinin sərbəst hərəkəti müalicə turizminin inkişafına da təkan verə bilər. Abşerondakı sanatoriyalarla bərabər Sumqayıtdakı sanatoriyaların bərpası və fəaliyyəti üçün şəffaf qaydada, ən mülayim şərtlər çərçivəsində yerli və xarici investorları cəlb etmək olar. İnvestisiya mexanizmi kimi vətəndaşlara səhmlərin satılması da önəm kəsb edə bilər. Bəllidir ki, Sumqayıtda kifayət qədər savadlı, bacarıqlı həkimlər var. Vaxtilə Sumqayıtda böyük sanator-müalicə müəssisələri fəaliyyət göstərirdi. Bu ənənələri bərpa etmək lazımdır.

Təkcə Sumqayıtda “Neptun bayramı” festivalını bərpa etməklə bu şənliyə xeyli əcnəbini cəlb etmək mümkündür.

Marşrut Rusiyanın Həştərərxan vilayətinin Olya limanından baş götürərsə -Mahaçqala, Sumqayıt, Bakı, Lənkəran, Ənzəli, Türkmənbaşı, Aktau və Həştərxan məntəqələrindən keçə bilər. Bakıdan hərəkətə başlayan kruiz laynerləri də eyni dövrəni qət edə bilərlər. Adətən belə kruizlər 7-15 gün üçün nəzərdə tutulur. Hərçənd ki, səfər proqramları və marşrutlar nisbi xarakter daşıyır. Əsas məsələ faktın reallaşmasıdır. Yeri gəmışkən kiçik bir müqaisə etmək istəyirəm. Qonşu Türkmənistanda - Türkmənbaşı şəhəri yaxınlığında, Xəzər sahilində beynəlxalq miqyaslı “Avaza” istirahət mərkəzi yaradılıb. Məlumatlara görə bura beş milyard dollar vəsait yatırılıb. Zahiri təmtərağa baxmayaraq düzgün idarə olunmadığından qoyulan vəsaitin geri qayıtma ehtimalı azdır. Gələn turistləri isə barmaqla saymaq olar. Türkmənbaşı neft emalı komplekslərinin əraziyə yaxınlığı və Saymonov buxtasının çirkli olması, ilboyu küləkli hava, eyni zamanda Türkmənistanın viza rejiminin sərtliyi və mehmanxanalardakı qiymətlərin bahalığı “Avaza”nın rəqabət qabiliyyətini əsaslı şəkildə azaldır.
Azərbaycandan Xəzərdə möhtəşəm layihə


Aktau

Qazaxıstanın Xəzər sahilindəki böyük şəhəri Aktau isə turizm üçün az yararlıdır. İstismar olunmuş uran yataqlarının mövcudluğu, Xəzərin şimalında suyun soyuğluğu, şəhərin coğrafi naqolaylığı və infrastrukturun zəif inkişaf etməsi Aktaunun turistlər üçün cazibəsini azaldır. Hərçənd ki, bura da müəyyən vəsait xərclənib. İran sahilindəki ən böyük liman şəhəri olan Ənzəli isə bizim anlayışımızdakı çimərlik turizmi üçün mövcud mental yanaşma səbəbindən uyğunsuzdur. Amma bura ticari alış –veriş yanaşması baxımından maraqlıdır.

Xəzərin Rusiya sahillərindəki böyük şəhərləri Həştərxan, Mahaçqala və Dərbənddir. Birinci şəhər-Həştərxan dənizdən çox aralıda–təqribən iki yüz kilometr məsafədə yerləşir. Mahaçqalada isə müasir mehmanxanalar şəbəkəsinin olmaması faktdır. Kriminogen durum da qeyri–stabil olduğundan turist axını üçün cəlbedici deyil. Eyni fikirləri Dərbənd haqqında da yazmaq olar. Qonşu Dağıstana xas problemlərin fonunda bu şəhərin də turistlər üçün cazibəsi azdır. Hərçənd ki, müştərək tariximizin yadigarı olan Dərbənd Xəzər sahilinin ən qədim şəhəridir. Göründüyü kimi bizim şəhərlərimiz rəqabət üstünlüyünə malikdir, müəyyən mənada rəqabətdən kənardır.

Odur ki, ölkəmizin Xəzərin turizm mirvarisinə çevrilməsi şansları böyükdür. Biz orta və aşağı dəyərli turist paketləri sahəsində ixtisaslaşıb xeyli yeni iş yerləri aça bilərik. Bu heç də utopiya deyil, sadəcə bu yöndə əsaslı-planlı işləmək lazımdır. Hər xırda detalı nəzərə alıb, bu sahədə vətəndaş təşəbbüslərini də düzgün giymətləndirmək vacibdir. Bildiyim qədər Xəzər dənizində sərnişin daşımaya maneə olan əsas amil ancaq səmt küləkləridir. Bu isə sırf peşəkar dənizçilərlə, gəmi heyətilə bağlı məsələdir. Müasir gəmilərdə hər bir təminat olduğundan düşünürəm ki, bu məqam sırf texniki xarakter daşıyır.

Azərbaycandan Xəzərdə möhtəşəm layihə


Mahaçqala

2015-ci ildə qardaş Türkiyədə təkcə Rusiyadan dörd milyon yarım insan istirahət etmişdi. Biz bu yay mövsümünə aktiv hazırlaşsaq rusiyalı turistlərin ən azı iki fazini təkcə Sumqayıt və Lənkarana cəlb edə bilərik. Dünyada kruiz turları ecazkar bir istirahət kimi yadda qalır.Təkcə bir layner beş min nəfərə qədər sərnişini və iki minə yaxın gəmi heyəti üzvünü daşımaq imkanına malikdir. Təbii ki, biz ilkin mərhələdə Karib dənizi, Aralıq dənizi və ya Baltik dənizindəki kruizlərin səviyyəsinə çıxa bilməyəcəyik. Amma Rusiya, Qazaxıstan, İran və Ərəb ölkələrindən gələ biləcək turist potensialını nəzərə alsaq perespektiv çox böyükdür. İlkin mərhələdə Xəzər dənizi üçün 400-500 sərnişin tutumu olan gəmilər daha məqsədyönlü ola bilər. Kruizlə bağlı bütün texniki xırdalıqları təbii ki, zamanında cözmək mümkündür. Məsələyə ümumi yanaşmada qonşu Gürcüstanın Batumi təcrübəsi karımıza gələ bilər. Sadəcə münbit şərait yaradıb kommunikasiyaları müvafiq səviyyəyə çatdırmaq, münasib qiymətlər təklif etmək lazımdır. Biz azərbaycanlılar onsuz da qonaqpərvər millətik. Amma turist axınının sürətləndirilməsi üçün sakinlərimiz arasında müasir düşüncə və ünsiyyət tərzini də formalaşdırmaq lazımdır. Vaxt azdır, amma mövsüm sentyabrın sonunadək davam edir. Bu ildən əsaslı şəkildə, hərtərəfli, aktiv fəaliyyətə başlasaq, ilbəil daha böyük göstəricilərimiz ola bilər. Turizm doğrudan da iqtisadiyyatımızın əsaslı gəlir gətirən sektoruna çevrilər.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *