Bakı-Aktau bərələrinin yeni hərəkət cədvəli açıqlandı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşıma həcmlərinin Xəzər üzərindən keçən marşrutla həyata keçirilməsi məqsədilə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, yükdaşımaların yüksək səviyyədə təmin olunması üçün bütün zəruri tədbirləri görür.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Oxu.Az-a bildirilib.
“Eyni zamanda, bir neçə gün öncə Qazaxıstanın Aktau şəhərində yeni Logistik Mərkəzin istifadəyə verilməsini nəzərə alaraq, dekabrın 1-dən etibarən Bakı-Aktau və əks istiqamətdə təkərli texnika (yük maşınları, avtobuslar, sərnişin maşınları və s.) və dəmir yolu vaqonlarının daşınması üçün, gəmi-bərələr təsdiq olunmuş mütəmadi qrafik üzrə hərəkət edirlər.
Belə ki, Bakı-Aktau istiqamətində təkərli texnika və dəmiryol vaqonlarını daşıyan gəmilər həftənin hər çərşənbə axşamı və cümə günləri, Aktau-Bakı istiqamətində isə çərşənbə və şənbə günləri yola düşəcəklər (hava şəraiti ilə əlaqədar qrafikdə məcburi dəyişikliklərin edilməsi zərurəti olduqda, öncədən xəbərdarlıq ediləcəkdir)”, - deyə QSC-dən qeyd edilib.
QSC-dən həmçinin bildirilib ki, zərurət yarandığı halda, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC artan yük həcmlərinin daşınması məqsədi ilə, qrafik üzrə gəmi səfərlərinin sayını tələbata uyğun artıracaq. Bakı-Aktau və Aktau-Bakı istiqamətində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından həyata keçirilir.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli