Neft pullarının bir hissəsi manata çevrildi
Dövlət Neft Fondu (DNF) valyuta hərracında əldə etdiyi manat kütləsinin bir hissəsini dövlət büdcəsinə trensfer etsə də, yenə də milyardlarla manat ehtiyatına sahibdir.
Aznews.info Fins.az-a istinadla bildirir ki, 9 dekabr 2016-cı il tarixinə olan məlumata görə, DNF tərəfindən dövlət büdcəsinə 5,26 mlrd. manat vəsait transfert edilib.
Bu ilin 11 ayında Fond ümumilikdə hərraca 4 milyard 635 milyon dollar çıxarıb. Cari ildə dolların məzənnəsinin daima dəyişdiyini nəzərə alsaq, təxminən orta məzənnə kursunu 1,6 manatdan götürək. Bu isə 7 milyard 360 milyon manat pul kütləsi deməkdir. Bu məbləğin 5,6 milyardının da dövlət büdcəsinə transfert olduğunu nəzərə alsaq, belə çıxır ki, hazırda Fond 1 milyard 760 milyon ehtiyat manat kütləsinə sahibdir. Ekspertlər isə Fondun sərəncamında olan manatın daha çox 2-2,5 milyard manat olduğunu bildirirlər. Bəs bu qədər manat kütləsini Fond harada, hansı şərtlərlə saxlayır?
Fins.az-a açıqlamasında DNF-dən bildirilib ki, manatla olan vəsaiti Fondun Azərbaycan Respublikası Mərkəzi Bankındakı manat hesabında, illik 4,99% ilə saxlanılır.
Qeyd edək ki, Fondun 2016-cı il üzrə büdcə qarşısında öhdəlikləri 7 milyard manat təşkil edir.
Mənbə:> Fins.az