Banklara hər ay təxminən 400 milyon dollar satıla bilər
Dövlət Neft Fondu neft pullarını satmaqda davam etməsinə baxmayaraq, dolların qiyməti düşmür.
Oxu.Az xəbər verir ki, “Marja”nın məlumatına görə, Dövlət Neft Fondunun (SOFAZ) 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfer və digər öz xərcləri ilə birlikdə 8 milyard manata (təxminən 4,9 milyard dollar) yaxındır.
Yanvar-iyun aylarında Dövlət Neft Fondu hərraclarda 2 milyard 436 milyon 900 min dollar satıb. Fondun iyulda dollar satışı 450 milyon dollar, avqustun ötən dövründə isə 298,5 milyon dollar təşkil edib.
İlin əvəlindən bugünədək keçən müddət ərzində Neft Fondu 3 milyard 185 milyon 400 min dollar satıb. Beləliklə, SOFAZ dövlət büdcəsinə transfer və digər öz xərcləri üzrə, ilin qalan dövründə təxminən 1,7 milyard dollar sata bilər (4,9 milyard dollardan təxminən 3,2 milyard dollarını satıb).
Əgər avqustun qalan dövründə keçiriləcək 3 hərracda daha 150 milyon dollar satılarsa, Fondun sentyabr-dekabr ayları ərzində sata biləcəyi 1 milyard 550 milyon dolları qalacaqdır.
Yəni, Fond hər ay orta hesabla 388 milyon dollar sata bilər. Buna qarşı, bankların hərraclarda tələbi 600 milyon dollardan çox olur.
İyulun sonuna Mərkəzi Bankın valyuta ehtiyatları isə 4 milyard 162,9 milyon dollar təşkil edib. Mərkəzi Bank ehtiyatlarını qorumağa çalışır.
İyul-avqust dövründə banklar hərraclar vasitəsilə 898,5 milyon dollar alıblar. İyulda Dövlət Neft Fondundan əlavə Mərkəzi Bank da banklara 150 milyard dollar satmışdır.
Avqustda daha 3 hərracın keçiriləcəyi gözlənilir. Əgər hər bir hərracda banklar 50 milyon dollar alarsa, iyul-avqustda bankların hərraclardan alacağı dolların məbləği 1 milyard 50 milyon dollara yaxınlaşacaq.
Bir faktı da qeyd edək ki, Dövlət Neft Fondu bu il ərzində hərraclarda satdığı təxminən 3,2 milyard dollardan 5 milyard manat əldə edib.
Yanvar-iyun ayları ərzində SOFAZ-ın dövlət büdcəsinə transferti isə 1 milyard 760 milyon manat təşkil edib. 4,2 milyard manatdan artıq vəsait Fondda yığılıb qalıb.
Mənbə:> Oxu.az