Neftdən gələn 35 milyard vəsait hansı valyutada saxlanılır?
“Dövlət Neft Fondunun (SOFAZ) 2016-cı ilin sentyabr ayına olan vəsaitlərinin ümumi məbləği 35 milyard 822 milyon dollar olub. Fondun vəsaitlərinin əsas hissəsi dollarladır - 47,6%”.
AzNews.info xəbər verir ki, bu barədə Neft Fondundan “Azadlıq Radiosu”nun sorğusuna cavab olaraq bildirilib.
Fond bildirir ki, vəsaitlərin 35,3%-i avroda, 4,9%-i funt-sterlinqdə, 3,8%-i qızlıdadır. Yerdə qalan məbləğ isə Avstraliya dollarında, türk lirəsində, rus rublunda, Koreya vonunda, Çin yuanında, Yaponiya yenində və digər valyutalardadır.
Valyuta hərracına dollar çıxarması ilə bağlı suala cavabda qeyd edilir ki, büdcələrinin böyük hissəsini manatla olan ödənişlər təşkil edir. “Neft Fondunun əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən dollardadır.
Öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır. Fond yalnız hər il üçün nəzərdə tutulmuş manatla olan xərc maddələrini icra etmək məqsədilə dollar satışını həyata keçirir”, - deyə cavabda qeyd olunur.
Fondda nəzərdə tutulan manatla ödənişlər büdcənin kifayət qədər böyük hissəsini təşkil edir. Fond valyuta satışının bazara təsirini azaltmaq və eyni zamanda büdcə öhdəliklərini vaxtında icra etmək məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə addımlar atır.
Fond bu il 4,3 milyard dollar satıb
Fond əlavə edir ki, öz öhdəliklərini vaxtında yerinə yetirməkdən ötrü kifayət qədər manat ehtiyatına sahib olması şərtdir: “Noyabrın 1-nə kimi Fond il ərzində hərraclar vasitəsilə ümumilikdə 4,3 milyard dollar valyuta satıb”.
SOFAZ-dan bildirilib ki, əvvəldən nəzərdə tutulan, icra edilən hansısa layihə təxirə salınmayıb.
“Neft Fondunun vəsaitlərinin artırılması məqsədilə xərclərinin tədricən azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Fondun xərclərinin böyük hissəsini dövlət büdcəsinə transfert təşkil edir. Transfertin azaldılması hökumətin növbəti illər üçün atdığı ən önəmli addımlardan biri hesab edilir.
2014-cü ildən etibarən Fondun dövlət büdcəsinə transfert ilə bağlı xərcləri tədricən azaldılır. 2013-cü ildə dövlət büdcəsinə transfertin məbləği 11 milyard 350 milyon manat təşkil edib. 2014-cü ildə bu məbləğ 9 milyard 337 milyon, 2015-ci ildə 8 milyard130 milyon, 2016-cı ildə 7 milyard 615 milyon, 2017-ci ildə isə 6 milyard 100 milyon manata qədər azaldılıb”.
Fond hesab edir ki, xərclərin davamlı olaraq azaldılması vəsaitlərin artmasına şərait yaradacaq. SOFAZ-dan eyni zamanda vəsaitlərinin səmərəli idarə edilməsinin əsas vəzifələrdən biri olduğu vurğulanıb.
Mənbə:> Azadlıq Radiosu