Neftdən gəlirlərimiz azalıb
Bir ay ərzində Azərbaycan neftinin orta ixrac qiyməti cəmi 10 sent ucuzlaşsa da, gəlirlərə təsir xeyli olub.
Oxu.Az “caspianbarrel.org”-a istinadən xəbər verir ki, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin açıqladığı məlumata görə, BTC FOB Ceyhan tipli xam neftin 2016-cı ilin sentyabr ayında orta satış qiyməti 47,30 dollar olub.
Cari ilin avqust ayında isə BTC FOB Ceyhan tipli xam neftin orta satış qiyməti 47,40 dollar dəyərində idi. SOCAR sentyabrda Ceyhandan 942 min 882 ton xam neft, Supsa limanından isə – 274 min 705 ton neft ixrac edib. Avqust ayında isə bu göstəricilər müvafiq olaraq 1 milyon 273 min 708 ton və 87 min 177 ton olmuşdu.
Avqustda SOCAR-ın Ceyhan və Supsa limanlarından ixrac etdyi neftdən əldə etdiyi gəlirlər (bura dövlətin mənfəət nefti də daxildir – hansılar ki, Dövlət Neft Fondunda toplanır) 477 milyon dollar təşkil edib. Sentyabrda isə SOCAR bu iki limandan 426 milyon dollar dəyərində xam neft ixrac edib.
Cari ilin sentyabrında Ceyhan və Supsa limanlarından Azərbaycanın neft ixracı avqust ayı ilə müqayisədə 143 min 298 ton azalıb. Dəyər ifadəsində isə azalma 51 milyon dollar təşkil edib.
Sentyabrda Ceyhan limanından neft ixracının avqusta nisbətən 330 min 826 ton azaldığını müşahidə edirik. Sentyabrın ilk 12 günü profilaktik işlərlə əlaqədar Dərinsulu Günəşli platformasında BP hasilatı tam dayandırmışdı və bu zaman gündəlik olaraq 136 min barellik hasilat itirilmişdi. Bu platformadan hasil edilən neft Ceyhan limanına ixrac edilirdi.
Mənbə:> Oxu.az