Azərbaycan “Qazprom”dan qaz almayacaq
“SOCAR Rusiyanın “Qazprom” şirkətindən qaz alınmasına dair heç bir danışıq aparmır”.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“Heç bir danışıq aparılmır. Bizə yataqlara vurulan texniki qaz lazım idi. Əgər bizə dediyimiz şərtlərlə qaz satacaqlarsa, alacağıq. Əgər bizə dediyimiz şərtlərlə satmasalar, almayacağıq. Ümumilikdə, bizim üçün qaz almaq o qədər də vacib deyil”, - deyə R.Abdullayev qeyd edib.
Qeyd edək ki, bundan öncə “Qazprom TransQaz Mahaçqala” MMC-nin baş direktoru Aleksandr Astanin deyib ki, şirkət Azərbaycana illik 3-5 mlrd. kubmetr qazın nəqli ilə bağlı danışıqlar aparır. Onun sözlərinə görə, yaxın gələcəkdə bununla bağlı müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.
Mənbə:> APA