Rövnəq Abdullayev vurulmuş oliqarxın zavodu haqda: “Əvvəl tikir, sonra qaz istəyir...”
Azərbaycanı Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Rusiyanın “Qazprom” şirkətinin “AzMeCo” şirkətinə məxsus methanol zavodunu qazla təchiz edəcəyini təsdiqləyib.
Virtualaz.org saytı xəbər verir ki, R.Abdullayev bu barədə müqavilənin artıq imzalandığını bildirib.
“Biz müqavilə bağlamışıq və həmin qazı öz qaz kəmərlərimiz vasitəsilə zavoda çatdırmaq öhdəliyi götürmüşük”- deyə SOCAR prezidenti bildirib.
“AzMeCo”nun metanol zavodu üçün qazı Azərbaycan daxilindən deyil, Rusiyadan almasının səbəbini açıqlayan R.Abdullayev deyib ki, SOCAR-ın Nizami Piriyevin zavodunu qazla təchiz etmək üçün uzunmüddətli müqaviləsi yoxdur.
“Ona görə də bizdə onlar üçün lazım olan qaz resursu mövcud deyil. Burada günah zavodun özündədir. Adətən əvvəl müqavilə bağlayırlar, sonra zavod tikirlər. Onlar isə əksinə, əvvəl zavodu tikdilər, sonra fikirləşdilər ki, zavod üçün qazı haradan tapsınlar”- deyə SOCAR prezidenti əlavə edib.
R.Abdullayevin sözlərinə görə, SOCAR metanol zavodunun qazı Rusiyadan almasına normal yanaşır.
“Hələ “Qazprom” bizimlə məsləhətləşəndə zavodun onlardan qaz almasının əleyhinə olmadıq. Burada problem yoxdur, normal haldır”- Abdullayev deyib.
Xatırladaq ki, oliqarx Nizami Piriyevin metanol zavodu qısa müddət işləyəndən sonra xammal kimi istifadə olunan təbii qazın verilməməsinə görə bu ilin əvvəllərində fəaliyyətini dayandırıb.
Nəticədə Piriyev zavodun tikintisi üçün Beynəlxalq Bankdan aldığı 500 milyon dollar kredit üzrə faizləri ödəyə bilməyib. Onun borcları faizləri ilə birlikdə 830 milyon dollara yaxındır.
Bu yaxınlarda kredit oliqarxlarının həbsi kampaniyasında Nizami Piriyev də həbs olunmuş və onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Lakin SOCAR-ın Piriyevi himayəyə götürməyə razı olmasından və metanol zavodunun işini bərpa etməyə kömək göstərməsindən sonra oliqarx həbsdən buraxılıb.
Bakının Qaradağ rayonunda tikilən metanol zavodunun qaza tələbatı ildə 600 milyon kubmetrdir.
Mənbə:> Virtualaz.org