Kaladze: “Qazprom” Gürcüstana qazı SOCAR-dan ucuz təklif edir
Gürcüstanın Energetika naziri Kaxaber Kaladze bəyan edib ki, “Qazprom” təbii qazı Azərbaycan qazından daha ucuz qiymətə təklif edir.
Onun sözlərinə görə, bu təbii qazın alışı zamanı Gürcüstan SOCAR-ın təmin edə bilmədiyi qaz çatışmazlığını aradan qaldıracaq, Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir.
“Rəqəmləri səsləndirməyəcəm, amma bu gün üçün Azərbaycanın təklif etdiyi qiymətdən ucuz olduğunu deyə bilərəm. Bu qiymətlər rəqabətqabiliyyətlidir və biz bu qiymətləri SOCAR-a təqdim edərək tamamən açıq şəkildə bizə edilən təklif barədə dedik. Sabah SOCAR ilə görüşümüz var, bu görüşdən sonra bəyanat verəcəyik”, - Kaladze bəyan edib.
Nazirin sözlərinə görə, SOCAR Gürcüstanın qaza olan tələbatını tam ödəmək iqtidarında deyil, bunun səbəbi kəmərin ötürücülük qabiliyyəti və təbii qazın mövsümi istifadəsidir.
“Bu gün Gürcüstanın qaza olan tələbatı ildə 2,5 milyard kubmetrdir, bu isə 2012-ci ilin göstəricisindən 38% çoxdur. 2015-ci ildə 2014-cü illə müqayisədə tələbat 19% artıb.
İndi biz gündəlik olaraq 11 milyon kubmetr idxal etməli oluruq. Onun tərkib hissəsi: 6 milyon kubmetri Qazax boru kəməri ilə SOCAR-dan, 2,9 milyon kubmetri “Şah-Dəniz” yatağından və 2,5 milyon kubmetri isə, yəni 10%-i Rusiyadan tranzit üçün alırıq.
Bundan əlavə SOCAR boru kəmərindən qaz almırıq, bu boru kəmərindən fiziki olaraq 6 milyon kubmetrdən çox qaz buraxmaq mümkün deyil”, - Kaladze deyib.
Energetika Nazirliyi yeraltı qaz anbarının inşasını planlaşdırır. Bu anbar təbii qaza olan mövsümi tələbatı sabitləşdirəcək.
“Biz artıq Gürcüstanda qaz anbarının yaradılmasına dair danışıqlara başlamışıq. Bizim mövsümi qeyri-sabitliyimiz mövcuddur, qışda qaz istehlakı yaydakından artıq olur. Yay aylarında 11 milyonluq tələbat 4 milyon kubmetrə qədər azalır”, - Kaxaber Kaladze bəyan edib.
Azərbaycan tərəfi Kaladzenin bəyanatına dair yanvar ayının 13-də açıqlama verəcək. SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər edəcək.
Mənbə:> Oxu.Az