Kaladze SOCAR-ın imkanlarına inanmır
Gürcüstanın Energetika naziri Kaxaber Kaladzenin bəyanatına müvafiq olaraq, SOCAR şirkətinin əhalini qaz ilə təmin etməkdə problemi yoxdur, amma onun əlavə kommersiya həcmini tədarük etməyə imkanı yoxdur.
Oxu.Az apsny.ge-yə istinadən xəbər verir ki, Kaladze jurnalistlərə məhz buna görə “Qazprom” ilə danışıqlar aparıldığını bildirib.
“Təbii qazın tədarükündə və əhalinin qaz ilə təmin edilməsi sahəsində SOCAR-ın problemi yoxdur. Əlavə kommersiya həcminə gəldikdə isə, biz ötən illər ərzində əlavə kommersiya qazını Rusiyadan alırdıq, belə ki, SOCAR-ın belə imkanı yox idi”, - Kaladze bəyan edib.
“Qazprom”un rəhbərliyi ilə Milanda keçirilən növbəti görüşə gəldikdə, nazirin sözlərinə görə, detallar üzrə razılıq hələ əldə edilməyib.
“İtaliyada daha bir işgüzar görüş keçirilib. Hələlik razılıq əldə edilməyib. Danışıqlar aparılır. Söhbət tranzitin həcminin artırılmasından gedir. Müvafiq olaraq biz daha çox gəlir əldə etmək və kommersiya strukturlarına təbii qazın Gürcüstandan keçərək nəql edilməsinə imkan yaratmaq istəyirik”, - ölkənin energetika naziri bildirib.
Mənbə:> Oxu.Az