Gürcülər “Qazprom” ilə danışıqlara etiraz edirlər
“Platforma - azadlığı müdafiə et” təşkilatı qazın “Qazprom”dan deyil, Azərbaycandan alınmasına dair çağırış ilə aksiya keçirib, Oxu.Az “Kavkazski uzel”ə istinadən xəbər verir.
Oktyabrın 25-də Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumət tərəfindən Rusiyadan qaz tədarükü məsələsinin nəzərdən keçirilməsinin təşəbbüskarı olub.
“Gürcüstan hakimiyyəti dekabra qədər “Qazprom” ilə razılaşmanı tərtib etmək istəyir.
Azərbaycan birinci şəxs kimi bizə təbii qazın istənilən həcmini tədarük etməyə hazırdır. Rusiya qazı bahalı və qeyri-sabitdir. Bu, şantaj vasitəsidir. Azərbaycan qazı ucuz və sabitdir”, - sabiq baş nazir Bidzina İvanişvilinin biznes-mərkəzi qarşısında keçən aksiyanın təşkilatçıları bəyan ediblər.
Onların fikrincə, bu məsələ iqtisadi deyil, siyasi müstəvidədir.
“Qazprom” ilə müqavilənin imzalanma tarixi məlum deyil. Energetika Nazirliyində imzalanmanın yaxın gələcəkdə baş tutacağı bəyan edilib. Eləcə də qeyd edilib ki, nazir Kaxaber Kaladzenin “Qazprom” ilə danışıqların başa çatmasına dair bəyanatı qüvvədədir.
Yaxın günlərdə Gürcüstanın energetika naziri Kaxaber Kaladze İran qazının tədarükü və Gürcüstan ərazisindən keçərək İrandan təbii qazın nəqlinə dair danışıqlar üçün İrana səfər edəcək.
Xatırladaq ki, oktyabrın 23-də Kaxaber Kaladze müxalifətin Azərbaycan qazının qismən Rusiya qazı ilə əvəzlənməsinə dair bəyanatına cavab olaraq Gürcüstanın bu məsələ üzrə Azərbaycan ilə əməkdaşlığa davam edəcəyini qeyd etmişdi.
Mənbə:> Oxu.Az