“Azəri-Çıraq-Günəşli”dən 3 milyard barel neft hasil edilib
“Azəri-Çıraq-Günəşli” yataqları blokunun işlənməsinə başlanıldığı 1997-ci ilin noyabrından bu günədək 3 milyard barel neft hasil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin məlumatında deyilib.
“AÇG blokunun işlənməsinə başlanıldığı 1997-ci ilin noyabrından indiyədək hasil edilən neftin həcmi 15 avqust 2016-cı ildə 3 milyard barelə çatıb. Bu həm BP, həm də Azərbaycan üçün əlamətdar gündür”, - deyə məlumatda BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrellə istinadən qeyd olunur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir.
2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
Mənbə:> Oxu.az