İlham Şaban: Dollardan imtina İranın arzusudur
İran hökuməti bəyan edib ki, xarici şirkətlər borclarını avro ilə ödəməyi qəbul ediblər və hökumət digər neft şirkətləri ilə danışıqlara başlayıb.
Bu bazara hansısa bir formada təsir edə bilərmi?
Oxu.Az bu məsələni Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ilə dəyərləndirib.
İ.Şaban hesab edir ki, bu sadəcə İranın arzusudur:
“Məsələ çox çətindir və faktiki olaraq bunu İranın arzusu adlandırmaq olar. Ancaq bazarda isə bu mümkün olası bir məsələ deyil. İran hökuməti vaxtilə istəyirdi ki, nefti rupi ilə satsın ancaq bu məsələ reallaşmadı. Başqa bir tərəfdən, sabah Azərbaycan da belə bir təkliflə çıxış edə bilər. Bildirə bilər ki, nefti bundan sonra manatla satacaq. Ancaq bu reallaşacaqmı?”.
Onun sözlərinə görə, nə Avropa, nə də digər kiçik ölkələr buna getməyəcək:
“1973-cü ildən sonra, ABŞ-ın qoyduğu tələbə görə, neft yalnız dollar ilə satılır. İndi isə, sanksiyalardan sonra, bunun üstündən xətt çəkmək bu asan məsələ deyil. Hətta, sanksiyalar altında olan Rusiyanın belə bir addım atması mümkün bir məsələ olmadı.
Ona görə də, bu sadəcə olaraq, İranın arzusudur. Onun böyüklüyünü, heç kəsə boyun əymədiyini göstərmək üçün atılan addımdır. Ona görə də, düşünürəm ki, nə Avropa, nə də kiçik ölkələr buna getməyəcək”.
O, həmçinin əlavə edib ki, avro 15 ildir ki, Avrozonanın vahid pul vahididir. Ancaq bununla belə, digər xammallar dollar ilə alınır.
“İri neft istehsalçıları hasilatı azalda bilərmi?” sualına isə mütəxəssis bu cür aydınlıq gətirib:
“Artıq OPEK-ə daxil olmayan ölkələrdə hasilatın 500 min barel azaldılması baş verib. Bu, Beynəlxalaq Enerji Agentliyinin fevral hesabatında öz əksini tapıb. Göstərilir ki, ilin sonundadək bu rəqəm 600 minəcən artacaq”.
İ.Şaban onu da əlavə edib ki, OPEK ölkələri çərçivəsində isə hasilatın azaldılması asan məsələ deyil:
“OPEK ölkələri çərçivəsində isə hasilatın azaldılması bu heç də asan məsələ deyil. Bunun əks prosesi baş verir. İraq, İran da hasilatın artması yanvar ayında müşahidə edilib”.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli