Natiq Əliyev: OPEK-in iclasında müzakirə olunan məsələlər bizim üçün vacib deyil
OPEK-in iclasında müzakirə olunan məsələlər Azərbaycan üçün o qədər də vacib deyil. Ona görə də, mən qərar qəbul etdim ki, bu iclasda iştirak etməyə ehtiyac yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, OPEK keçirdiyi iclaslarda neft hasilatının azaldılması məsələsinə bir neçə dəfə baxıb.
“Bu məsələ çox vacibdir, lakin Səudiyyə Ərəbistanı başda olmaqla, digər təşkilat ölkələri heç vaxt buna getməyiblər. Əgər vaxtında qərar qəbul edilsə idi və neftin hasilatı gündəlik 1-2 milyon barel azaldılsa idi, mən inanıram ki, ola bilsin neftin qiyməti bir qədər bahalaşardı, bu isə bizim üçün əlverişli olardı”, - deyə, nazir bildirib.
N.Əliyev vurğulayıb ki, qeyri-OPEK ölkələri neft hasilatının azaldılması istiqamətində səylərini artırıblar.
“Bir neçə görüşümüz olub. Qeyri-OPEK ölkələrinin neft hasilatını azaltmaları istiqamətində addım atmaq istəyirdilər. Bir il əvvəl bizə bu barədə təklif gəlmişdi.
Biz də dedik ki, əgər başqa şirkətlər, ölkələr belə qərar qəbul etsə, Azərbaycan ola bilsin öz neft hasilatını aşağı salsın. Amma bir şey var ki, siz bildiyiniz kimi Azərbaycanda hasil olunan neft yalnız Azərbaycanın deyil, həm də beynəlxalq konsorsiumundur, ona görə də, bu qərarı yalnız dövlət və hökumət qəbul edə bilməz”, - deyə, N.Əliyev vurğulayıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli